Teymur Rzayev: Aldığım mükafatların içində ən dəyərlisi “Vətənə xidmətə görə” ordenidir

İstanbul, 16 dekabr, AZƏRTAC

Hər kəs seçdiyi peşədən asılı olmayaraq onun haqqını verməlidir. Hər iş ürəkdən və sevərək görülməlidir. Bu, ixtisas üzrə həyata keçirilən məcburiyyət olmaqla yanaşı, həm də istəyə bağlıdır. Məncə sənətini sevən və ona ürəkdən bağlı olan hər kəs o peşənin ustası olmalıdır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın Əməkdar rəssamı Teymur Rzayev deyib.

Bakı şəhərinin Xırdalan qəsəbəsində anadan olan Teymur Rzayev uşaqlıq xatirələrini bizimlə bölüşdü: "Dayım, rəssam Böyükağa Axundov 1969-cu ildə rəhmətə gedəndən sonra onun rəssamlıq ləvazimatlarını rəhmətlik Safura nənəm mənə hədiyyə etdi. O zaman 10 yaşım var idi və həmin vaxtdan məndə rəsmə maraq oyandı. İlk təhsilimi Xırdalanda almışam. İlk rəsm müəllimim Çingiz Bağırov olub. 1972-ci ildən isə Bakıda Məsumə Ağayevadan rəsm dərsləri almışam. Sonra isə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Akademiyasına daxil oldum”.

Təhsilini Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə davam etdirən rəssam doktorluq elmi dərəcəsinə layiq görülüb.

Teymur Rzayev Azərbaycanda Rəssamlıq Akademiyasının yaradılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin danılmaz rolu olduğunu vurğulayıb. Bildirib ki, 1982-ci ildə əsası Mədəniyyət və İncəsənət Universitetinə qoyulan Bakı Rəssamlıq Məktəbi məhz bu dahi şəxsiyyətin səyləri nəticəsində daha sonra böyüdülərək ayrıca tədris mərkəzi olaraq fəaliyyət göstərməyə başlayıb: "1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun nəzdində altıillik Akademik tədris proqramı üzrə rəngkarlıq, heykəltəraşlıq, qrafika və sənət tarixi şöbələri quruldu. Bu şöbələrə ilk tələbələr də həmin il qəbul edilib. Rəngkarlıq şöbəsinə ilk sənəd verən tələbə də məhz mən olmuşam və bu təhsilimi qırmızı diplomla bitirmişəm. Hətta daxil olmağımla bağlı ilk qəbzi almaq üçün hamıdan əvvəl getmişdim ora. Çətinliklə də olsa o qəbzi ala bildim. Hazırda həmin qəbz mənim şəxsi arxivimdədir”.

Rəssam Azərbaycan üçün çox keşməkeşli bir dövr olan 1993-cü ildə İstanbula dəvət alır: "O dövrə İstanbulun ilk Böyükşəhər Bələdiyyəsinin sədri, kökləri Azərbaycana dayanan Bədrəddin Dalanın anası vəfat etmişdi və onun portretini çəkmək mənə həvalə olundu. Bir sifariş olaraq o portreti hazırladım və təhvil verdim. Bundan sonra B.Dalan tərəfindən İstanbula dəvət aldım. Bu dəvət üzərinə İstanbula gəldim və 1993-cü ilin oktyabr ayından etibarən "İstək Vəqfi məktəbləri”nin Mustafa Kamal Atatürk adına liseydə, sonra isə vəqfin nəzdində yeni qurulan "Gözəl sənətlər” bölümündə rəssamlıq dərsləri deməyə başladım.

2006-cı ildən etibarən bu vəqfin bir quruluşu olan Türkiyənin Yeditepe Universitetində müəllimlik fəaliyyətimi dosent olaraq davam etdirirəm”.

Hazırda həmyerlimiz həmin universitetin incəsənət fakültəsinin plastik sənətlər şöbəsinin təsisçisi və icraçısı kimi fəaliyyət göstərir. Artıq 25 ildir ki, İstanbulda yaşayan və burada rəssamlıq fəaliyyətini davam etdirən T.Rzayev deyir ki, yaradıcılığında ən gözəl məqamı Türkiyəli tələbələrə Azərbaycan mədəniyyətini aşılamaqdır: "İnsan xarici ölkələrdə yaşadıqda vətənin dəyərini daha çox hiss edir. Hər bir kəsin harada yaşamasından asılı olmayaraq doğulduğu torpağa, əcdadlarının məzarlar yerinə, vətən torpağına, aldığı tərbiyəyə və təhsilə ömür boyu borcu var. Bir çoxları kimi mən də bu borcu yerinə yetirmək üçün hər zaman əlimdən gələni etməyə çalışmışam. Mən azərbaycanlı olmağımla, Azərbaycanda doğulub, orada boya-başa çatmağımla hər zaman qürur duymuşam”.

T.Rzayev 2015-ci ildə Nizami Gəncəvi irsinin dünya təhsil sistemində tədrisi ilə bağlı və həmini ildə Türkiyənin Çanaqqala şəhərindəki döyüşlərdə şəhid olan azərbaycanlıların xatirəsinə abidə ucaldılması ilə bağlı layihələrdə iştirak edib: "Heç bir vaxt mükafat və yaxud ad üçün bir iş görməmişəm. Lakin bunu kənardan görən və dəyərləndirən insanlar olub. Mənim üçün aldığım mükafatların içində ən dəyərlisi "Vətənə xidmətə görə” ordenidir və onu hər zaman qürurla yaxamda daşıyıram. Bu ada məni layiq gördüyü üçün ölkə başçısı İlham Əliyeva minnətdaram”.

2011-ci ildə Azərbaycan Prezidentinin İlham Əliyevin Sərəncamına əsasən elm, mədəniyyət və incəsənət sahəsindəki nailiyyətlərinə və Azərbaycan diasporunun inkişafında fəaliyyətlərinə görə "Əməkdar rəssam” fəxri adına layiq görülən Teymur Rzayev sonra Türkiyə və Rusiya arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə Rusiya İncəsənət Akademiyasının "Şuvalov" və "Akademiyaya xidmətə görə" qızıl medalına layiq görülüb. O, eyni zamanda Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür.

Qeyd edək ki, bu ilin iyun ayının 27-də Bakının Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Əməkdar rəssamı Teymur Rzayevin 60 illik yubileyi qeyd edilib.

Hazırda onun əsərləri dünyanın bir çox rəsm qalereyalarını bəzəyir.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar