Ulu Öndərin əbədiyaşar ideyaları Azərbaycana qələbələr bəxş edir

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiqlənən Tədbirlər Planı çərçivəsində mayın 18-də YAP Binəqədi rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin YAP Binəqədi rayon təşkilatının binası qarşısında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Milli Məclisin deputatları Azay Quliyev, Kamaləddin Qafarov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, Binəqədi rayon Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxış ediblər. Bildirilib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı xidmətləri əvəzolunmazdır. Ulu Öndər yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas oldu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı.
Hələ SSRİ dövründə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. Müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş Ümummilli Lider Heydər Əliyevin mənalı və şərəfli həyat yolu nəsillərə nümunədir.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, YAP sıralarına yeni qoşulan gənclərə isə üzvlük vəsiqələri təqdim olunub.
Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar