BMT-nin Cenevrədəki ofisində “Heydər Əliyev həyatının 100 anı” kitabının təqdimatı olub


İsveçrənin Cenevrə şəhərində müstəqil Azərbaycan dövlətinin qurucusu, dünyaşöhrətli siyasi və dövlət xadimi, nəhəng siyasi nailiyyətləri ilə dünyanı heyran edən Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində Azərbaycan və ingilis dillərində işıq üzü görmüş “Heydər Əliyev həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisində keçirilən təqdimat BMT-nin Cenevrədəki Qərargahının, ofisinin, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin və “Azərbaycanım” beynəlxalq jurnalı tərəfindən birgə təşkil olunub.
Təqdimat mərasimində çıxış edən Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki Bölməsinin Baş direktoru xanım Valovaya Tatyana Dmitrievna dünyanın ən nüfuzlu və universal təşkilatı olmasını nəzərə alaraq Heydər Əliyevin BMT-Azərbaycan əlaqələrinə xüsusi önəm verməsi barədə fikirlərini bölüşərək, bu sahədə Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, dahi şəxsiyyətin dünyada və regionda baş verən siyasi hadisə və prosesləri dərindən və hərtərəfli təhlil edərək, ilk növbədə, Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmasında səylərindən danışıb.
Sonra Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisinin Baş direktorunun Kabinet rəhbəri, həmçinin “Heydər Əliyev həyatının 100 anı” kitabının redaksiya heyətinin üzvü David Çikvaidze çıxış edib. Heydər Əliyevlə görüşlərinin təəssüratını bölüşən natiq bildirib ki, dünyaşöhrətli siyasi xadim Heydər Əliyev mahir dövlət qurucusu kimi öz strateji fəaliyyəti ilə ölkəsinin və xalqının işıqlı gələcəyini uzunmüddətli perspektivdə bacarıqlı, davamlı və uğurlu idarəetmə ilə möhkəmləndirməyə nail olub.
D.Çikvaidze Azərbaycana ilk dəfə 1994-cü ilin dekabrında BMT nümayəndə heyətinin tərkibində ölkənin çətin vaxtlarında humanitar ehtiyaclarının müzakirəsi üçün səfər etdiyini xatırlayıb.
“Nümayəndə heyəti ölkəsini xilas etmək və onu SSRİ-nin süqutundan sonra düşdüyü dərin böhrandan çıxarmaq üçün yenicə hakimiyyətə qayıtmış Prezident Heydər Əliyev tərəfindən qəbul olundu. Heydər Əliyev BMT nümayəndə heyətinin hər bir üzvünü şəxsən salamladı. O, ölkədəki vəziyyəti dərindən təhlil edərək yaranmış durumun Cənubi Qafqaza və bütün Avrasiyaya təsirindən bəhs etdi və bu bizi çox mütəəssir etdi. Biz bilirdik ki, O, adi bir siyasətçi deyil, müasir tarixin mühüm bir simasıdır”, - deyə Çikvaidze əlavə edib.
Heydər Əliyevin qurduğu dövlətin əsasları Prezident İlham Əliyevin rəhbərliyi altında dayanmadan möhkəmlənməyə davam etdiyini xatırladan D.Çikvaidze deyib: “Azərbaycan, həmçinin BMT-nin fəal və konstruktiv üzvüdür”.
Təqdimat mərasimində çıxış edən Azərbaycan və ingilis dillərində nəşr olunan “Heydər Əliyev həyatının 100 anı” kitabının müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli bildirdi ki, Ulu Öndər Heydər Əliyev dahi bir şəxsiyyət kimi ölkəni parçalanmaq təhlükəsindən qurtarıb və Azərbaycanı dünyanın tanınan, stabil inkişaf edən dövlətlərindən birinə çevirib. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir.
Ulu Öndərimizin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışan müəllif Emil Nəsirli qeyd edib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq aləmdəki nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimizin əbədi və dönməz olması təmin edilib.
Ümummilli Liderin çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim olduğunu diqqətə çatdıran müəllif deyib ki, Azərbaycanın böyük oğlu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və böyük ustalıqla gəlmək bacarığı ilə hər zaman insanları heyran qoyub. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. "Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi. “1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi Böyük İpək Yolunun bərpası üzrə keçirilmiş Bakı beynəlxalq konfransı və onun nəticələri Azərbaycanın xarici siyasətinin qazandığı ən mühüm nailiyyətlərindən biridir”, - deyə Emil Nəsirli vurğulayıb.
Daha sonra müəllifi olduğu “Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində Azərbaycan və ingilis dillərində işıq üzü görmüş “Heydər Əliyev həyatının 100 anı” kitabı haqqında geniş məlumat verən Emil Nəsirli Ulu Öndərin göstərdiyi misilsiz xidmətlərdən söz açaraq, parlaq şəxsiyyətin fəaliyyətini araşdırdıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasını heyrətamiz hiss kimi səciyyələndirib.
“Xalqını, dövlətini ürəkdən sevən, dövlətin müəyyənləşdirdiyi siyasi xəttə sədaqət göstərən, milli-mənəvi dəyərlərimizi təbliğ edən hər bir gənc dövlətçilik atributlarına hörmətlə yanaşır, tariximizin, milli-mənəvi dəyərlərimizin, dövlət sərhədlərimizin qorunmasını, Vətən, torpaq uğrunda mübarizəni özünün vətəndaşlıq borcu sayır. Zaman ötsə də, Azərbaycan xalqının böyük oğlu, tarixi şəxsiyyət Heydər Əliyev irsinə maraq azalmır, əksinə, insanlar bu böyük şəxsiyyətin həyat və fəaliyyəti ilə daha yaxından tanış olmaq istəyirlər”, - deyə “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli qeyd edib.
Natiq bildirib ki, Ulu Öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır. Bu gün xalqımız Ümummilli Liderin siyasi varisi - yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ətrafında sıx birləşmişdir.
“Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsə də ikinci dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsinə çevrilib. Bu gün Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatının elə bir sahəsi yoxdur ki, o sahənin inkişafı Ulu Öndərin adı ilə bağlı olmasın”, - deyə müəllif Emil Nəsirli vurğulayıb.
Qırğız Respublikasının BMT-nin Cenevrədəki Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Ömər Sultanov, Türkiyə Respublikasının BMT-nin Cenevrədəki Bölməsi və İsveçrədəki digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Güven Begeç, Azərbaycan Respublikasının BMT-nin Cenevrədəki Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili Dilarə Abdullayeva çıxışlarında Ümummilli Lider Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətinin mühüm hissələrinə toxunublar. Ulu Öndər Heydər Əliyevin siyasi və diplomatik sahədə Azərbaycana qazandırdığı böyük uğurlardan bəhs edib.
Sonra tədbirdə təqdimatı keçirilən kitabın videoslaydı təqdim olunub.
Təqdimat çərçivəsində, həmçinin dünyanın siyasi tarixində özünəməxsus yeri olan, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin irsinin bir çox məqamları, əbədiyaşar liderin müstəqil Azərbaycanın Prezidenti kimi, respublikanın daxili və xarici siyasətdə qazandığı uğurlarda misilsiz xidmətləri haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, ümumilikdə 553 səhifədən ibarət olan “Heydər Əliyevin həyatının 100 anı” kitabı Azərbaycanın xilaskar oğlunu Ümummilli Lider zirvəsinə ucaldan real işlərin, gərgin əməyini, yüksək insani keyfiyyətlərini, vətəninə və xalqına bağlılığını özündə ehtiva edir. Azərbaycan və ingilis dillərində yazılaraq nadir üslubda nəfis tərtib olunan rəngli nəşrin əvvəlində Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi” haqqında Azərbaycan Prezidentinin Sərəncamının mətni iki dildə yerləşdirilib. Mündəricat, ön söz, giriş və ədəbiyyat siyahısından ibarət nəşrdəki məqalələr və nadir fotolar Ümummilli Lider Heydər Əliyevin xalq, vətən, ölkə və dövlət qarşısındakı misilsiz xidmətlərini tərənnüm edir. Nəşrdəki materiallar Ulu Öndərin bəşəri prinsipləri barədə oxucuda real təsəvvür yaradır.
Çıxışlarda xüsusi olaraq qeyd olunub ki, “Heydər Əliyevin həyatının 100 anı” kitabı dünyaşöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti barədə müfəssəl məlumat verməklə bərabər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından da nadir nəşrlər sırasındadır.
“Heydər Əliyevin həyatının 100 anı” kitabının ilk təqdimatı mayın 5-də Bakıda, Atatürk Mərkəzində keçirilib. Xarici ölkələrdəki təqdimatlar isə İstanbulda, Parisdə və İsveçrənin Cenevrə şəhərlərində olub.
Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar