"Azərbaycanım” beynəlxalq jurnalı ötən il bir sıra uğurlara imza atıb

Ölkəmizin çap mediası arasında öz dəst-xəti ilə seçilən mətbu orqanlarından biri sayılan "Azərbaycanım” beynəlxalq jurnalı 14 ildir maraqlı, məzmunlu yazıları ilə oxucularının görüşünə gəlir. Jurnalın kollektivi Azərbaycanın haqq səsinin dünya oxucusuna çatdırılması üçün layiqincə çalışıb, bu istiqamətdə böyük səylər göstərib. Əsas qayəsi ölkəmizi xaricdə layiqincə təbliğ etmək olan jurnal öz fakturasını, təhkiyə strategiyasını, tərtibatını, poliqrafiya keyfiyyətini yüksəldib müasirləşdirərək diaspor təşkilatları və beynəlxalq qurumlar ilə əməkdaşlığın davam etdirilməsi istiqamətində çoxşaxəli, səmərəli işlər görüb. Bunun nəticəsidir ki, “Azərbaycanım” beynəlxalq jurnalı aylıq nəşr kimi nəinki respublika ərazisində, eləcə də dünyanın müxtəlif ölkələrində geniş oxucu auditoriyası qazanıb.
Ötən il jurnal üçün bir sıra əlamətdar hadisələrlə, yeni nailiyyətlərlə zəngin olub. Hər şeydən əvvəl, jurnal öz səhifələrində Azərbaycanın qədim və zəngin mədəniyyəti, incəsənəti, dini tolerantlığı, dəyərlərimizi, qədim adət-ənənələri, ölkədə gedən hərtərəfli inkişaf, tikinti, abadlıq və quruculuq işlərini əks etdirən maraqlı yazılara geniş yer ayırıb. Bununla yanaşı, jurnalda respublikamızda baş verən ictimai-siyasi, sosial-iqtisadi və mədəni proseslər, dünyanın nüfuzlu şəxsiyyətləri, tanınmış iş adamları, siyasətçilər, Azərbaycanın dostları və digər sahələrdə çalışan insanlar haqqında çoxsaylı yazılar dərc olunub.
"Azərbaycanım” beynəlxalq jurnalı ölkəmizdə gedən inkişaf və tərəqqi prosesləri, günün ictimai-siyasi mənzərəsi, sosial-iqtisadi və mədəni həyatda baş verən yenilikləri müntəzəm işıqlandırmaqla yanaşı, bir sıra təqdirəlayiq layihələr də gerçəkləşdirir. Nəşrin redaksiya şurasının qərarı ilə "Azərbaycanın qüruru” və "Azərbaycanın dostu” ordenləri təsis edilib. Ötən müddətdə Azərbaycanın tərəqqisinə, nüfuzunun artırılmasına töhfə verən, dövlət mənafelərinin qorunması istiqamətində mərdlik və şücaət göstərən, Azərbaycanla digər ölkələr arasında ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni əlaqələrin inkişafında müstəsna xidmətlərinə olan bir sıra şəxslər “Azərbaycanın qüruru” ordeni ilə təltif olunublar. Ötən il ölkələrimiz arasında dostluq əlaqələrinin qurulmasında və möhkəmləndirilməsində, həmçinin elmi, mədəni, iqtisadi və siyasi sahələrdə qarşılıqlı səmərəli fəaliyyətlərinə görə bir sıra nüfuzlu şəxslər "Azərbaycanın Dostu” Qızıl Ordeni ilə təltif edilib. 2021-ci ildə daha iki tanınmış siyasətçi bu ordenə layiq görülüb.
“Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, jurnalist Emil Nəsirli may ayında Moldovaya səfəri çərçivəsində bu ölkənin sabiq Prezidenti (2001-2009), dövlət xadimi Vladimir Nikolayeviç Voroninə “Azərbaycanın Dostu” Qızıl Ordenini təqdim edib.
Görüşdə, həmçinin ölkələrimiz arasında siyasi və iqtisadi münasibətlərin inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb, əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd edilib, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Vladimir Voronin əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu ifadə edib. Sabiq dövlət başçısı Moldova Respublikasının Azərbaycan Respublikası ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edib, həmçinin ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb.
Baş redaktor Emil Nəsirli iyul ayının 9-da Şimali Kipr Türk Respublikasına səfəri çərçivəsində bu ölkənin Prezidenti Ersin Tatarla görüşüb. Görüşdə baş redaktor jurnalın redaksiya şurasının qərarı ilə Prezident Ersin Tatarın “Azərbaycanım” beynəlxalq jurnalının redaksiya şurasının fəxri üzvü seçildiyini və xalqlarımız arasında dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə “Azərbaycanın Dostu” Qızıl Ordeni ilə təltif olunduğunu bildirib və bu yüksək mükafatı ona təqdim edib.
Avqust ayının 10-da Minsk şəhərində jurnalistlər, ictimaiyyət nümayəndələri və ekspert üçün ənənəvi olaraq media formatda təşkil olunan "Prezidentlə böyük söhbət" çərçivəsində keçirilən görüşdə Emil Nəsirli də iştirak edib. Tədbirdən sonra baş redaktor Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. Görüş zamanı Azərbaycan xalqına qardaş və dost münasibətinə, Azərbaycanla ikitərəfli əlaqələrin qurulmasında, möhkəmlənməsində və inkişafında xüsusilə böyük xidmətlərinə görə Belarusun dövlət başçısına “Azərbaycanın Dostu” Qızıl Ordeni təqdim olunub.
Bununla yanaşı, 2021-ci ildə Azərbaycanın tanınmış iqtisadçı alimi, akademik Ziyad Səmədzadə jurnalın təsis etdiyi “Azərbaycanın Qüruru” Qızıl Ordeninə layiq görülüb. Martın 9-da Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin təntənəli iclasında iştirak edən “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, BEA-nın fəxri akademiki Emil Nəsirli ordeni akademik Ziyad Səmədzadəyə təqdim edib.
“Azərbaycanım” beynəlxalq jurnalı il ərzində keçirilən bir sıra mötəbər beynəlxalq tədbirlərdə də ölkəmizi layiqincə təmsil edib. Belə ki, iyunun 18-20-də Türkiyə Prezident Administrasiyasının himayəsi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Antalya şəhərində “Yenilikçi diplomatiya: Yeni dövr, yeni yanaşmalar” mövzusunda Diplomatiya Forumu keçirilib. On ölkənin dövlət və hökumət başçılarının, 42 ölkənin xarici işlər nazirlərinin, 50-dək beynəlxalq qurumun təmsilçilərinin, eləcə də bir sıra ölkələrin sabiq dövlət, hökumət rəhbərləri, diplomatlar, parlamentarilər, siyasətçilər, elm və mədəniyyət xadimləri, iş adamları, media nümayəndələrinin qatıldıqları tədbirdə Emil Nəsirli də iştirak edib. Forum çərçivəsində o, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanla görüşüb və ona “Azərbaycanım” beynəlxalq jurnalını təqdim edib. Jurnalla yaxından tanış olan Prezident Ərdoğan kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb. Baş redaktor forum çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və qardaş ölkənin bir sıra tanınmış şəxsləri ilə də görüşlər keçirib.
Bundan əlavə, E.Nəsirli forumun keçirildiyi günlərdə tədbirə qatılan 12 dövlət və hökumət başçısı, o cümlədən Polşa, İran, İraq, Gürcüstan, Ukrayna, Moldova, Keniya, Bosniya, Xorvatiya və digər ölkələrin Baş nazirləri və xarici işlər nazirləri ilə də görüşüb.
İyulun 7-də baş redaktor Emil Nəsirli Türkiyədə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinovla görüşdə ona "Azərbaycanım" beynəlxalq jurnalının redaksiya şurasının fəxri üzvü seçilməsi ilə bağlı fəxri üzvlük sertifikatını təqdim edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı Şuşa şəhərinin Türk Dünyasının 2023-cü il Mədəniyyət Paytaxtı seçilməsi ilə bağlı təklifini ürəkdən dəstəklədiklərini vurğulayan Baş katib Düsen Kaseinov işğaldan Azərbaycanın azad edilmiş torpaqlarında mədəni inkişafı təmin etmək üçün bütün imkanlarını səfərbər etməyə hazır olduqlarını diqqətə çatdırıb.
Sentyabrın 3-də Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə Yaxın Şərq İqtisadi Forumu, həmin ayın 12-14-də isə İtaliyanın Bolonya şəhərində G20 (Böyük İyirmilik) VIII Dinlərarası Forumu keçirilib. Tədbirlər çərçivəsində “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli bir sıra ölkələrin dövlət və hökumət nümayəndələri, həmçinin yüksəkvəzifəli şəxsləri ilə səmərəli görüşlər keçirib.
Noyabr ayında “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi qəhrəmanlıqları ilə dastan yazan igid oğullarımızı yad etmək, xatırlamaq, gələcək nəsillərə çatdırmaq məqsədilə “İstedadlı Əlillər” İctimai Birliyinin üzvləri ilə birlikdə Zəfər Gününə həsr olunmuş “Biz birlikdə güclüyük!” adlı tədbir keçirib. İctimai xadimlərin, şəhid ailələrinin üzvlərinin, qazilərin və tanınmış ziyalıların iştirak etdikləri tədbirdə çıxış edən baş redaktor Emil Nəsirli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad olunması uğrunda gedən Vətən müharibəsində böyük igidlik və şücaət göstərən əsgər və zabitlərimizin misilsiz şücaətindən, xalq-dövlət-ordu birliyinin gücündən bəhs edib. Prezident İlham Əliyev tərəfindən şəhidlərimizə, onların ailə üzvlərinə və qazilərə göstərilən qayğının hər zaman yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.
Ötən il ərzində bir sıra uğurlara imza atmış “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi Prezident İlham Əliyevin əhalinin rifah halının yüksəldilməsinə yönəlmiş sosial-iqtisadi inkişaf strategiyasını, ölkəmizin beynəlxalq məkanda mövqeyini, tarixini, mədəniyyətini, incəsənətini, həmçinin Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırılması sahəsində bundan sonra da mühüm nailiyyətlərə imza atmaq əzmindədir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
    
Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar