Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıblar.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Müraciəti təqdim edirik:
“Hörmətli cənab Prezident.
Dünyanın müxtəlif ölkələrində yaşayıb-çalışan azərbaycanlı alimləri birləşdirən təşkilatımız doğma Vətənimizin yüksəlişini daim diqqətlə izləyir, böyük Zəfərə imza atmış dövlətimizin və xalqımızın uğurlarına qəlbən sevinirik. Biz Vətənimizdən kənarda fəaliyyət göstərsək də, hər zaman və hər yerdə Ulu Öndərimiz Heydər Əliyevin bu möhtəşəm sözlərini xatırlayırıq: “Azərbaycan torpağının hər guşəsi hər bir azərbaycanlı üçün əzizdir”. Dünyanın ayrı-ayrı ölkələrində fərqli elm sahələrində işləyən tədqiqatçılarımızı qovuşduran Dünya Azərbaycanlı Alimlər Birliyinin başlıca məqsədi Vətənimizin inkişafına mümkün kömək göstərməkdir.
Bu gün – Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun son günündə işğaldan azad edilmiş müqəddəs Azərbaycan torpağı Qarabağda olarkən qalib xalqımızın və onun Müzəffər Ali Baş Komandanının, Vətənimizin müdafiəçisi və xilaskarı qarşısında inanılmaz xoşbəxtlik, qürur hissi keçirdiyimizi Sizə, həmçinin bütün dünyaya bildirməkdən məmnunluq duyuruq. Torpağımızın hər qarışının azad edilməsi uğrunda mübarizədə xalqımızın verdiyi qurbanları daim xatırlayır, şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayırıq.
Xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər olaraq Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını əmin edirik ki, elm və texnologiya, energetika, təhsil, səhiyyə, sosiologiya və mədəniyyət sahələrində Vətənin strateji planlarının hazırlanması və həyata keçirilməsi naminə əzmlə səy göstərəcəyik.
Cənab Prezident, şanlı Silahlı Qüvvələrimizin Ali Baş Komandanı olaraq xalqımızı Zəfərə qovuşdurduğunuz, ölkəmizin ərazi bütövlüyünü bərpa, Vətənimizin suverenliyini tam təmin etdiyiniz üçün daim Sizə minnətdarıq.
Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə Azərbaycanın siyasi, iqtisadi, elmi-mədəni istiqamətlərdə gələcəkdə daha böyük müvəffəqiyyətlər qazanacağına əminliyimizi bildirir, ümumi tərəqqimizə töhfələrimizi verməyə hazır olduğumuzu bəyan edirik. İnanırıq ki, müasir elmi biliklərə və geniş təcrübəyə malik olan, Vətənimizi dərin məhəbbətlə sevən və siyasi xəttinizi daim dəstəkləyən ziyalılarımız ümummilli məna daşıyan böyük işlərdə Sizin yardımçınıza çevriləcəklər.
Bu gün Xankəndidə hər birimiz Ulu Öndərimizin bu ölməz sözlərini böyük qürur hissi ilə bir daha təkrar edirik: “Mən fəxr edirəm ki, azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycan mənim doğma torpağımdır. Mən fəxr edirəm ki, belə bir millətim var!”.