Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi ilə görüşüb
Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi ilə görüş keçirib.
Jurnalın baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli nəşrin fəaliyyət istiqamətləri, yerli və beynəlxalq təşkilatlarla informasiya mübadiləsi və qazandığı uğurlardan danışıb. E.Nəsirli nəşrin Redaksiya Şurasının qərarı ilə səfir Cahit Bağçının “Azərbaycanım” beynəlxalq jurnalının fəxri üzvü seçildiyini bildirib və fəxri üzvlük sertifikatını ona təqdim edib.
Baş redaktor bildirib ki, ölkəmizin çap mediasında özünəməxsus dəst-xəti ilə seçilən “Azərbaycanım” beynəlxalq jurnalı 20 ilə yaxındır maraqlı, məzmunlu yazıları ilə oxucularının görüşünə gəlir. Jurnalın kollektivi Azərbaycanın haqq səsinin dünya oxucusuna çatdırılması üçün layiqincə çalışıb, bu istiqamətdə böyük səylər göstərib. Sonra baş redaktor xüsusi qeyd edib ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir və bütün məsələlərdə biz hər zaman bir-birimizin yanındayıq. “İkinci Qarabağ müharibəsi bunu bütün dünyaya bir daha göstərdi ki, Türkiyə-Azərbaycan bir yerdədirlər və əziz qardaşımın, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilk saatlardan bizi ruhlandırdı. Çünki müharibənin ilk saatlarından başlayaraq Türkiyə və onun Cümhurbaşqanı bizə mənəvi və siyasi dəstək vermişdir. Bu mənəvi və siyasi dəstək müharibənin son gününə qədər göstərildi. İkinci Qarabağ müharibəsində Qələbəmiz əlbəttə ki, bölgədə yeni bir reallıq yaratdı. Türkiyə və Azərbaycan bölgədə öz imkanlarını genişləndirdilər, bizim rolumuz, təsir imkanlarımız artdı və artacaq. Birgə həyata keçirdiyimiz bütün layihələr, təşəbbüslər bölgədə sabitliyin, sülhün təmin edilməsi üçün önəmli rol oynayır” – deyə baş redaktor vurğulayıb.
Görüşdə mətbuatımızın böyük tərəqqi yolu keçdiyini qeyd edən E.Nəsirli vurğulayıb ki, ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafı istiqamətində atılan addımlar Azərbaycan mediasının inkişafına mühüm töhfələr verib. Bu gün mətbuata xüsusi dövlət qayğısı və diqqətinin göstərilməsi, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media nümayəndələrinin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər amillər milli mətbuatımızın inkişafını şərtləndirib.
Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı “Azərbaycanım” beynəlxalq jurnalında yayımlanan rəngarəng materialları böyük maraqla izlədiklərini bildirib və fəxri üzvlüyə layiq görüldüyü üçün jurnalın Redaksiya Şurasının üzvlərinə təşəkkür edib. Səfir Cahit Bağçı “Azərbaycanım” beynəlxalq jurnalının fəaliyyətinin bu il 20 illliyinin tamam olması münasibətilə jurnalın bütün kollektivini təbrik edib, gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb. “Bizim əlaqələrimiz haqqında saatlarla danışmaq olar, siz bütün bunları yaxşı bilirsiniz. Əlaqələrimizin təməlində xalqlarımızın qardaşlığı və liderlərin siyasi iradəsi dayanır. Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da bütün məsələlərdə bir-birini dəstəkləyəcək, bütün məsələlərdə bir-birinin yanında olacaq və öz əməli işləri, addımları ilə yaşadığımız bölgədə sülhün bərqərar olmasında səylərini davam etdirəcəklər” -deyə səfir bildirib.
Sonra səfir Cahit Bağçı redaksiyanın baş ofisində “Azərbaycanım” beynəlxalq jurnalının ötən illər ərzində fəaliyyətini əks etdirən fotostendlə tanış olub.
Sonra səfir Cahit Bağçı “Azərbaycanım” beynəlxalq jurnalının redaksiyasının 2024-cü ildə qonağı kimi nəşrin “Fəxri xatirə kitabı”na ilk ürək sözlərini yazıb.