Bakı, 27 avqust, AZƏRTAC
Bütün canlıların evi olan Yer kürəsi təəssüf ki, elə özünün sakinləri tərəfindən fəlakətlərə doğru sürüklənir. Belə ki, elm və texnologiya inkişaf etdikcə insanlar onu hər şeylə təmin edən doğma təbiətə minnətdar olmaq yerinə, ona düşmən kəsilməyə başladı. Lakin bəşər övladı dərk etmədi ki, təbiətə qarşı yönəltdiyi silahın hər mərmisi ilə dolayısı yolla elə özünü hədəfə almış oldu. Təbiət isə insanın bu nankorluğuna bir yanda sellər, daşqınlar, digər yanda quraqlıq, ərzaq qıtlığı kimi hadisələrlə cavab verməyə başladı. Dünyanın dörd bir yanında təzadlı hadisələrlə müşahidə olunan “təbiətin qəzəbi” elmi dildə qlobal iqlim dəyişikliyi adlandırılır.
Hazırda qlobal istiləşmə və onun yaratdığı fəsadlar dünyada ən aktual problemlərdən biridir. Qlobal istiləşmə probleminin mərkəzində temperaturun nəzərəçarpan artımı amili dayanır. İstiləşmə ekosistemin pozulmasına, ekstremal hava hadisələrinə, buzların əriməsi səbəbindən dəniz səviyyəsinin yüksəlməsinə, biomüxtəlifliyin itirilməsinə səbəb olur. Eyni zamanda, insanların sağlamlığına, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə, infrastruktura, həmçinin iqtisadiyyata təsirsiz ötüşmür. Hazırda bütün dünya diqqətini qlobal iqlim dəyişmələri və onun fəsadları ilə mübarizəyə yönəldib. Bunun üçün müxtəlif qərarlar, protokollar qəbul edilir, həll yolları, sazişlər, konvensiyalar irəli sürülür.
İnsanın təbiətlə savaşının təsirləndiyi sahələrdən biri də aqrar sektordur. Təsadüfi deyil ki, son zamanlar aqrar sektor təbiətə düşmən münasibət nəticəsində böyük zərərə məruz qalıb. Odur ki, dünya ölkələri kimi, Azərbaycan da kənd təsərrüfatı sahəsinin səmərəli fəaliyyətini təşkil etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Buna nümunə olaraq, ölkəmizdə “yaşıl enerji”yə keçid, “yaşıl kənd təsərrüfatı”na dəstək üçün Dövlət proqramları icra olunur. Bu baxımdan, iqlim dəyişikliklərinin əlverişsiz təsirlərinin yumşaldılması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Yaşıl kənd təsərrüfatı”na dəstək üzrə Birgə Fəaliyyət Planının qəbul edildiyini də vurğulamaq yerinə düşər. Həmin Fəaliyyət Planı çərçivəsində kənd təsərrüfatının iqlim dəyişikliklərinin təsirlərinə adaptasiyası üzrə planın hazırlanması, yaşıllıqların salınmasında iqtisadi səmərə verən zeytun, püstə, nar, tut və s. bitki növlərindən istifadənin dəstəklənməsi, aqrar fəaliyyət nəticəsində yaranan tullantılardan bioenerji mənbəyi kimi istifadə olunması və digər məsələlər üzrə tədbirlər həyata keçirilir. Yeri gəlmişkən, Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un əsas mövzulardan biri də “Yaşıl kənd təsərrüfatına keçid”dir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı bu barədə AZƏRTAC-a danışarkən bildirib ki, iqlim dəyişiklikləri kənd təsərrüfatı sektoruna qlobal miqyasda ciddi təsir göstərir və həmin təsir Azərbaycan kimi ölkələrdə də açıq şəkildə müşahidə olunur: “BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında əksini tapan proqnozlara görə, 2050-ci ilə qədər iqlim dəyişikliyi səbəbindən dünyada ərzaq istehsalı 10-25 faiz azala bilər. Bu isə xüsusilə inkişaf etməkdə olan ölkələr üçün böyük risk yaradır. Həmin vəziyyət kənd təsərrüfatı istehsalı üçün ciddi risklər formalaşdırır və fermerlərin iqtisadi vəziyyətinə mənfi təsir edir. Mənfi təsirlərin qarşısını almaq üçün iqlimə dayanıqlı kənd təsərrüfatı təcrübələrinin tətbiqi vacibdir. Məsələn, Dünya Bankının araşdırmalarına görə, dayanıqlı əkinçilik praktikalarının geniş tətbiqi, inkişaf etməkdə olan ölkələrdə məhsuldarlığı 50 faizə qədər artıra bilər”.
Leyla Cabbarlı bu çərçivədə bir neçə əsas addımı vurğulayaraq deyib: “Birincisi, dayanıqlı əkinçilik praktikalarının tətbiqi önəmlidir. Torpağın məhsuldarlığını qorumaq üçün məhsul dövriyyəsi, orqanik gübrələrdən istifadə və minimal torpaq becərmə üsullarının tətbiqi, fermerlərə daha davamlı və məhsuldar əkinçilik imkanları yaradır. İkincisi, suvarma texnologiyalarının modernləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Damlama suvarma sistemləri və suyun təkrar istifadəsi kimi müasir texnologiyalar su ehtiyatlarının daha səmərəli istifadəsinə imkan verir. Üçüncüsü, iqlimə davamlı bitki sortlarının istifadəsi məhsuldarlığın qorunması üçün əhəmiyyətlidir. Quraqlığa, şaxtaya və xəstəliklərə davamlı bitki sortları ekstremal hava şəraitinə qarşı daha yaxşı müqavimət göstərir və məhsul itkilərini azaldır. Məsələn, Afrika ölkələrində belə sortların istifadəsi məhsuldarlığı 25-30 faiz artıb. Nəhayət, aqroekoloji yanaşmaların tətbiqi və fermerlər üçün təlimlərin keçirilməsi iqlim dəyişikliyinə uyğunlaşmanı artırmaq üçün mühüm addımlardır. Həmin təlimlər fermerlərə yeni texnologiyaların tətbiqi və iqlimə dayanıqlı təcrübələrin mənimsənilməsi mövzusunda dəstək verir. Beləliklə, iqlim dəyişikliyi ilə mübarizədə kənd təsərrüfatının davamlılığını təmin etmək üçün bu və digər addımların vaxtında və effektiv şəkildə həyata keçirilməsi vacibdir. Bu cür yanaşmalar, yalnız kənd təsərrüfatının inkişafını təmin etməklə qalmır, həm də gələcək nəsillərin həmin sektordan faydalanmasını mümkün edir”.
İqlim dəyişikliyi və aqrar sektor mövzusunun COP29-da ətraflı müzakirə olunacağını vurğulayan Leyla Cabbarlı qeyd edib ki, bu beynəlxalq tədbir aqrar-sənaye sahəsində innovativ işlərin müzakirəsi və təcrübə mübadiləsinin aparılması üçün bütün dünya ölkələrinin bir araya gələcəyi mühüm tədbirlərdən biri olacaq.
Beləliklə, COP29-da ölkələr həm innovativ təcrübələri, yenilikləri öyrənəcək, həm də ərzaq təhlükəsizliyi və qida məsələləri ilə bağlı çağırışlar edə biləcəklər.