Azərbaycan Prezidenti İlham Əliyev qəbulda iştirak edib

Olimpiya Ailəsinin üzvləri üçün qəbul
Azərbaycan Prezidenti İlham Əliyev qəbulda iştirak edib
İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, "Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından birinci Avropa Oyunları ilə bağlı Olimpiya Ailəsinin üzvləri üçün qəbul təşkil edilib.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri qəbulda iştirak ediblər.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Komitənin yüksək səviyyəli nümayəndələrini Prezident İlham Əliyevə təqdim etdi.

Qəbulda iştirak edən qonaqların hər biri ilk Avropa Oyunlarının möhtəşəm açılış mərasiminin xoş təəssüratları ilə yaşayır. Ümumilikdə, "Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı ölkəmizdə görülən işlər beynəlxalq idman qurumları, tanınmış idman ekspertləri və nüfuzlu kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir. Birinci Avropa Oyunlarında beynəlxalq idman ictimaiyyətinin tanınmış simalarının iştirakı isə bu oyunlara dünyada olan marağı bir daha aydın göstərir. Qitənin mötəbər idman tədbirini keçirməklə Azərbaycan həm də növbəti Avropa Oyunlarının standartlarını müəyyən etmək kimi şərəfli bir missiyasını yerinə yetirir.

Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Olimpiya Ailəsinin üzvləri üçün təşkil edilən qəbul birinci Avropa Oyunlarının açılışından bəhs edən videoçarxın nümayişi ilə başladı.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin

çıxışı

- Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki.

Beynəlxalq və Avropa Olimpiya ailəsinin üzvləri.

Xanımlar və cənablar.

Azərbaycana bir daha xoş gəlmisiniz. Bu gün sizi burada, bu gözəl mehmanxanada görməkdən şadam və ümid edirəm ki, Azərbaycanda xoş vaxt keçirirsiniz.

İki gün əvvəl biz ilk Avropa Oyunlarının açılışının şahidi olduq. Hamımız təqdimatdan çox dərin təəssürat aldıq. Bu, qonaqlarımız üçün Azərbaycan, onun mədəniyyəti, musiqisi, ənənələri haqqında daha ətraflı məlumat əldə etmək, bizim tamaşaçılar üçün isə Avropanın aparıcı idmançılarını, bütün beynəlxalq və Avropa Olimpiya ailəsinin nümayəndələrini görmək və ölkəmizlə fəxr etmək imkanı idi. Təsəvvür edə bilərsiniz ki, açılışdan sonra mənə olunan çoxsaylı müraciətlərin hər birində insanlarımız birmənalı olaraq ölkəsi ilə fəxr etdiklərini bildirirlər.

Azərbaycanda birinci Avropa Oyunlarının təşkil edilməsi ilə bağlı Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiyə Avropa Olimpiya Komitəsi tərəfindən də dəstəklənən böyük dövlət xadiminə xas olan baxışlarından irəli gələn qərarına görə bir daha öz təşəkkürümü bildirmək istəyirəm. 2012-ci il dekabrın 12-də qəbul edilən qərar tarixi qərar idi. Biz miqyasına görə Yay Olimpiya Oyunlarından sonra ən böyük beynəlxalq idman tədbirini təşkil etmək imkanı əldə etdik. Avropa idmanı üçün isə bu, ədaləti bərpa edən qərar oldu. Çünki bildiyimiz kimi, digər qitələr uzun illərdir ki, öz Oyunlarını keçirirlər və yalnız Avropanın belə bir Oyunları yox idi. Buna görə də düşünürəm ki, bu, ədalətin təzahürü oldu. Çünki Olimpiya hərəkatının, Olimpiya ideyalarının, olimpizmin vətəni Avropadır. Bu, qədim Yunanıstanda başlanıb və daha sonra Baron de Kuberten onu bərpa etmişdir. İndi isə ədalət bərpa edildi və gördüyümüz işdən fərəhlənə bilərik.

Biz gərgin çalışdıq, insanlarımızın, qonaqlarımızın və bütün Avropanın yaddaşında qalacaq səviyyədə Oyunları təşkil etdik. Bu fürsətdən istifadə edərək, Azərbaycan xalqını, eyni zamanda, Avropa xalqlarını bu möhtəşəm hadisə ilə bağlı bir daha təbrik etmək istərdim. Bütün idmançılara uğur və qələbə arzulayıram.

Bizim artıq qalib və çempionlarımız var. Fəxr edirik ki, Azərbaycan idmançıları 3-ü qızıl olmaqla bir neçə medal qazanıblar. Bu gün də bir neçə idmançımızın finalda olduğunu nəzərə alsaq əlavə medallar qazanmaq şansımız olacaq. İyirmi dörd ildən bir qədər az müddətdə müstəqil olan gənc ölkə Azərbaycan üçün bu möhtəşəm idman tədbirinin nə dərəcədə əhəmiyyətli olduğunu anlaya bilərsiniz. Bu, idman, dostluq tədbiridir. Bizim üçün isə bu, avropalılara tariximizi, ənənələrimizi, ədəbiyyatımızı, musiqimizi nümayiş etdirmək fürsəti verir. Əminəm ki, Oyunlardan sonra Avropadan Azərbaycana daha çox qonaq və turistlər təşrif buyuracaq və avropalılar Azərbaycan haqqında daha dolğun məlumat alacaqlar.

Bizim ölkənin qədim ənənələri, böyük tarixi və tarixi şəxsiyyətləri var. Lakin müstəqil ölkə kimi, biz yalnız 24 ildir ki, mövcuduq. 1991-ci ildə biz müstəqilliyimizi bərpa etdik, lakin ilk müstəqil, demokratik respublika Rusiya imperiyasının süqutundan sonra 1918-ci ildə yaradılmışdır. Bu isə bütün müsəlman dünyasının ilk demokratik respublikası idi. Azərbaycanda məhz respublika idarəçilik sisteminin tətbiq olunması o zaman respublikanı yaradanların seçimi olmuşdur. Dərhal qadınlara səsvermə hüququ verilmişdir ki, bu, bir çox Avropa ölkələrindən əvvəl olmuşdur. Müsəlman dünyasının ilk operası, ilk baleti, ilk teatrı Azərbaycanda yaradılmışdır və biz bununla fəxr edirik. Azərbaycan hər zaman dinlərarası birgəyaşayış, multikulturalizm, etnik və dini müxtəliflik məkanı olub. Bu, hər zaman özünəməxsusluğumuzun tərkib hissəsi olub. Müstəqillik illərində isə dünyanın ehtiyac duyduğu bu müsbət trendlər daha da güclənmişdir və mən bununla fəxr edirəm.

Azərbaycan cəmiyyəti multikultural cəmiyyətdir. Bu yaxınlarda mən Azərbaycanda Multikulturalizm Mərkəzinin təsis edilməsi ilə bağlı Sərəncam imzaladım və Bakının ən gözəl yerlərindən birində - Bayraq Meydanının yaxınlığında Tolerantlıq Abidəsinin açılışı oldu. Bunlar hamısı bizim həyatımızın və siyasətimizin tərkib hissəsidir.

Azərbaycan həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu hər iki təşkilatın yüzdən artıq üzvü var. Biz isə Avropa və Asiya arasında təbii körpü rolunu oynayırıq. Bu, yalınız coğrafi deyil, mədəni, iqtisadi və siyasi körpüdür. Beləliklə, müstəqillik illərimiz islahatlar dövrü oldu. Biz təkcə dövləti yaratmalı deyildik, eyni zamanda, bir sistemdən digərinə transformasiya etməli idik. İslahatların həyata keçirilməsi bu gün ölkəmizin uğuruna və firavanlığına gətirib çıxarmışdır. Bu gün Azərbaycan Avropa Oyunları kimi belə böyük miqyaslı tədbiri keçirmək imkanına malikdir. Bu, ötən illər ərzində əldə etdiyimiz nailiyyətlərin göstəricisidir.

Siyasi islahatlar iqtisadi islahatlarla tamamlanırdı. Demokratikləşmə siyasəti, qanunun aliliyi, fundamental azadlıqların və insan hüquqlarının qorunması bizim siyasətimizin prioritetləri olub. Azərbaycanda bütün azadlıqlar - media azadlığı, senzurasız azad internet təmin edilir, əhalimizin 70 faizi internet istifadəçisidir. Siyasi fəaliyyət azadlığı, toplaşma azadlığı, din və vicdan azadlığı mövcuddur. Eyni zamanda, biz iqtisadi islahatlar nəticəsində müstəqil xarici siyasət yürüdürük. Çünki bu gün iqtisadi cəhətdən zəif olanda beynəlxalq arenada öz mövqeyini müdafiə etmək çətin olur. Bu gün Azərbaycan dünyada çox yaxşı nüfuza malik olan dövlətdir. Bunun ən bariz nümunəsi bir neçə il əvvəl Azərbaycanın dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüklə bağlı namizədliyini irəli sürəndə 155 ölkənin dəstəyini qazanması olmuşdur. İlk dəfə Azərbaycan BMT Təhlükəsizlik Şurasında təmsil edilmişdir. Bu, bizim siyasi və diplomatik fəaliyyətimizin zirvəsi olmuşdur. İqtisadi islahatlar olmasaydı, yəqin ki, biz buna nail ola bilməzdik.

Bu gün böhranlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı sabitdir, dayanıqlıdır və inkişaf edir. Son 10 il bizim iqtisadiyyatımızın görünməmiş inkişafı illəri olmuşdur. İqtisadiyyatımız 3 dəfə artmışdır. Biz yoxsulluğu 49 faizdən 5 faizə endirə bilmişik. İşsizlik 5 faizdən aşağıdır. Xarici borcumuz ümumi daxili məhsulun 10 faizindən azdır. Bu ilin yanvarında mən prezident Patrik Hikki ilə Avropa Oyunlarının təqdimatını etdiyimiz Davos İqtisadi Forumu Azərbaycanı qlobal iqtisadi rəqabətlilik baxımından 38-ci yerə layiq görmüşdür. Məhz bu islahatlar bizə gələcəyə nikbinliklə baxmağa imkan verir.

Əlbəttə, son 10 ildə idmanın və olimpiya hərəkatının inkişafı ilə bağlı gördüyümüz işlərin müsbət nəticələri var. Xatirimdədir ki, 2007-ci ildə biz prezident Hikki ilə bərabər regionların birində Olimpiya Mərkəzinin açılışını etdik. Avropa Olimpiya Komitəsinin prezidentinin Masallıya səfəri və regional idman mərkəzinin açılışında iştirak etməsi region idmançıları və gənc nəsil üçün yaxşı göstərici idi. Bundan sonra biz onlarla belə mərkəz inşa etmişik və bu gün Bakı regionun və bəlkə də dünyanın ən inkişaf etmiş idman infrastrukturuna malik şəhərlərindən biridir.

Əziz dostlar. Bu günlərdə bizimlə bir yerdə olduğunuza görə sizə bir daha təşəkkür edirəm. Bilirsiniz, mən Azərbaycan, gördüyümüz işlər və gələcək planlar haqqında çox danışa bilərəm. Çünki bununla bağlı qısa bir təqdimatda dolğun məlumat vermək mümkün deyil. Yalnız onu əlavə edə bilərəm ki, biz inkişafı davam etdirməyə sadiqik. Biz gələcək hədəflərimizi bilirik, Azərbaycanı dünyanın inkişaf etmiş ölkəsinə çevirmək istəyirik və Azərbaycan meyarlarını ən yüksək beynəlxalq meyarlara çatdırmaq niyyətindəyik. Necə ki, biz ilk Avropa Oyunlarının standartlarını ən yüksəyə qaldırmağa çalışmışıq. Səmimi deyə bilərəm ki, bu standartları Avropa Olimpiya Komitəsi və Təşkilat Komitəsi müəyyən edib. Bu standartlar aşağı da ola bilərdi, lakin Avropa Olimpiya Komitəsi və Təşkilat Komitəsi qərara gəldi ki, elə standartlar tətbiq olunsun ki, Azərbaycanın dinamikliyini özündə əks etdirsin.

Bu Oyunlar Avropa üçün olmalıdır. Açılış mərasimi zamanı Mehribanın da dediyi kimi, bu Oyunlar idmançılar, qonaqlar və Azərbaycana gəlmiş minlərlə insan üçün keçirilir. Mən əminəm ki, bu insanlar yenidən Azərbaycana gəlmək istəyəcəklər. Çünki onlar burada qonaqpərvərlik və hörmətin şahidi olurlar. Azərbaycan bununla fəxr edir və əminəm ki, idmançılar özlərini sanki evlərində hiss edir və hər birimiz həyatımızın yadda qalan günlərindən həzz alırıq.

Mən bir daha ölkəmizi Avropa və dünyaya təqdim etmək fürsətinə görə, Avropa Olimpiya ailəsinə minnətdarlığımı bildirirəm. Çox sağ olun.



X X X

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də mərasimdə çıxış etdi.

Patrik HİKKİNİN çıxışı

- Prezident Əliyev.

Xanım Əliyeva.

Gənclər və idman naziri Azad Rəhimov.

Olimpiya hərəkatından olan həmkarlarım.

Bu axşam burada olmağımdan çox məmnunam. Cənab Prezident, Sizə bu qəbulu təşkil etdiyinizə görə təşəkkür edirəm. Əvvəlcə, qazanılmış medallar və Azərbaycan komandasının uğuru münasibətilə Sizi təbrik edirəm. Əhsən!

Beynəlxalq Olimpiya Komitəsinin bir çox prezidentləri, o cümlədən Samaranç, Roq və Bax hər zaman qeyd ediblər ki, Oyunların uğurlu keçməsinin ən vacib hissəsi ev sahibliyi edən ölkənin Oyunlara uğurla başlamasıdır və həqiqətən də dünən siz medal sayına görə çox uğurlu çıxış etdiniz. Mən uzun günün sonunda mehmanxanaya qayıdandan sonra Azərbaycan Televiziyasına baxdım. Sizin və birinci xanımın karate yarışında medalların verilməsində iştirak etməyiniz məni fərəhləndirdi.

Azərbaycanın uğuru ilə bağlı digər bir məsələyə toxunmaq istərdim - bu gün heyrətamiz bir iş baş verib. Azərbaycan triatlon idman növündə bürünc medal qazanıb. Bu salonda toplaşanların diqqətinə çatdırmaq istərdim ki, bir il öncə belə bir idman növü Azərbaycanda mövcud deyildi. Bir il ərzində medal qazanacaq idmançıların hazırlanması məharət, tərəqqi və təlim üçün şəraitin yüksək olmasının göstəricisidir.

Cənab Prezident, bu, həqiqətən də böyük nailiyyətdir. Sonda Sizə və birinci xanıma, ölkənizin bütün vətəndaşlarına, bu işlərə cəlb edilən bütün insanlara bizə göstərilən qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən qonaqpərvərlik inanılmazdır. Son bir neçə gündür ki, həmkarlarımı dinləyirəm və onlardan eşidirəm ki, getdikləri bütün idman məkanları valehedicidir.

Cənab Prezident, Sizə və birinci xanıma bu tarixi Avropa Oyunları münasibətilə xatirə hədiyyəsi təqdim etmək istəyirəm. Düşünürəm, bu, o qədər əlamətdar məqamı əks etdirir ki, Siz onu gələcəkdə muzeyə verməli olacaqsınız. İcazənizlə, cənab Prezident, ilk hədiyyəni Sizə təqdim etmək istəyirəm.

Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsindəki xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim etdi.

Mərasimdə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Avropa Olimpiya Komitəsinin vitse-prezidenti Janez Kocijançiç, Avropa Olimpiya Komitəsinin baş katibi Rafael Paqnozzi, Avropa Olimpiya Komitəsinin xəzinədarı Kikis Lazarides, "Bakı-2015” birinci Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin sədri Spiros Kapralos, həmin komitənin sədr müavini Zlatko Matesa, Milli Olimpiya Komitələri Assosiasiyasının baş katibi Gunilla Lindberq, Avropa Olimpiya Komitəsinin Atletlər Komissiyasının sədri Jan Mişel Saive, Avropa Olimpiya Komitəsinin icraiyyə komitəsinin Türkiyə, Rusiya, Böyük Britaniya, İspaniya, Litva, Slovakiya, Polşa, Danimarka, Lüksemburq, Almaniya və İsraildən olan üzvləri, həmçinin idman ictimaiyyətinin digər tanınmış nümayəndələri, nüfuzlu idman xadimləri və dünya səviyyəli idmançılar iştirak etdilər.

"Bakı-2015” birinci Avropa Oyunları bütün dünyanın diqqət mərkəzindədir. Belə bir mühüm tədbirə yüksək səviyyədə ev sahibliyi etməklə Azərbaycan bütün dünyaya bir daha sübut edir ki, son illərdə iqtisadi inkişafı ilə diqqət mərkəzində olan ölkəmiz həm də idman sahəsində mühüm nailiyyətlər qazanıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmana göstərilən dövlət qayğısının nəticəsidir ki, bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də tarixi uğurlar qazanılıb. Hər an Azərbaycan dövlətinin qayğısını hiss edən idmançılarımız müxtəlif olimpiadalarda, dünya, qitə və regional əhəmiyyətli mühüm idman yarışlarında qazandıqları medalların sayını ilbəil artırlar. Bütün bunlar Avropanın idman tarixində bir ilk olan birinci Avropa Oyunlarının keçirilməsinin məhz Azərbaycana etibar edilməsində mühüm rol oynadı. Ölkəmizin beynəlxalq nüfuzu, dünyada formalaşdırdığı müsbət imic, beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etmək təcrübəsi, Azərbaycandakı ictimai-siyasi sabitlik, son illərdə əldə olunan iqtisadi nailiyyətlər bu mötəbər idman tədbirinin Azərbaycanda keçirilməsinə qərar verilməsində həlledici amillər sırasında oldu.

Ölkəmizin həyatında tarixi hadisə olan ilk Avropa Oyunlarının keçirilməsi bir daha sübut edir ki, Azərbaycan beynəlxalq idman aləminin aparıcı dövlətlərindən biri kimi, dünyadakı mövqeyini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin fəaliyyəti sayəsində Azərbaycan belə nüfuzlu idman tədbirini keçirmək iqtidarında olduğunu bir daha bütün dünyaya nümayiş etdirəcək.

Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qəbul etdiyi qərardan sonra ölkəmizdə bu əhəmiyyətli beynəlxalq tədbirə geniş hazırlıq işləri başladı. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə birinci Avropa Oyunlarının Təşkilat Komitəsi bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün mühüm işlər gördü. Qısa müddətdə yeni idman obyektləri inşa olundu, mövcudları isə əsaslı şəkildə müasir formada yenidən qurularaq birinci Avropa Oyunlarına hazırlıq vəziyyətinə gətirildi. Beləliklə, belə bir mühüm idman tədbirinə ev sahibi kimi, ölkəmiz üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirdi.

"Bakı-2015” ilk Avropa Oyunları təkcə qitədə deyil, dünya miqyasında mötəbər bir idman yarışıdır. Birinci Avropa Oyunlarında iştirak edən ölkələr buraya ən tanınmış və ən güclü idmançılarını göndərib. Bu yarışlarda Azərbaycan da daxil olmaqla, Avropanın 50 ölkəsindən 6 mindən artıq atlet idmanın 20 növündə mübarizəyə başlayıb. Bu idman növlərindən 16-sı olimpiya, 4-ü isə qeyri-olimpiya növlərinə daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
 
Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar