Mədəniyyət naziri Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub

Bakı, 26 dekabr, AZƏRTAC

Mədəniyyət naziri Əbülfəs Qarayev böyük yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyinin əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov muzeyin ekspozisiyası, burada görülən işlər barədə Əbülfəs Qarayevə məlumat veriblər. Bildirilib ki, təmirdən sonra muzeydə yeni ekspozisiyalar yaradılıb. Həmçinin Azərbaycan, rus, ingilis dilində təqdim olunan yeni İP texnoloji vasitəsilə muzeyə ekskursiya etmək mümkündür.

Diqqətə çatdırılıb ki, Cəlil Məmmədquluzadə 1922-1932-ci illərdə yaşadığı mənzildə ömrünün ən çətin vaxtlarını keçirib. Burada ev-muzeyin yaradılması haqqında qərar respublika hökuməti tərəfindən hələ 1976-cı ildə qəbul olunub. Muzeyin təntənəli açılışı ədibin anadan olmasının 125 illiyində, 1994-cü il dekabrın 28-də ulu öndər Heydər Əliyevin iştirakı ilə gerçəkləşib.

Muzeyin birinci zalında C.Məmmədquluzadənin uşaqlıq və gənclik illərini əhatə edən eksponatlar nümayiş olunur. İkinci zal vaxtilə Məmmədquluzadələr ailəsinin qonaq otağı olub. Burada ailə həyatını əks etdirən ekspozisiya sərgilənir.

Ev-muzeyində, həmçinin Xalq rəssamı Oqtay Sadıqzadənin müəllifi olduğu, əsli Naxçıvandakı Ədəbiyyat muzeyində saxlanılan əsər – yazıçının həyat yoldaşı Həmidə xanımla portreti yer alır.

Muzeyin daha bir zalı bütünlüklə görkəmli publisistin yaradıcılığını əks etdirir. Burada "Cəlil Məmmədquluzadə və Azərbaycan teatrı” guşəsi, "Molla Nəsrəddin” jurnalının nüsxələri, jurnalın yayımı ilə bağlı qaimələr, yazıçının əlyazmaları, yazı masası, "Ölülər" tamaşasının 1916-cı ildə çap edilən afişa-proqramı nümayiş olunur. Muzeydə ümumilikdə 5432 eksponat qorunur.

Ev-muzey ilə tanış olan nazir Əbülfəs Qarayev buradakı ədəbiyyat nümunələrinə, "Molla Nəsrəddin" jurnalının nüsxələrinə baxıb, təmir-bərpadan sonra muzeyə ziyarətçilərin sayı ilə maraqlanıb. Bildirib ki, yeni üslubda təqdim edilən ekspozisiya cəlbedicidir. Multimedia avadanlığının təqdimatı muzeyə gələnlərdə xoş təəssürat yaradır. Bu layihəni virtual ziyarət formatında da təqdim etmək olar. Muzey təkcə nümayiş üçün deyil, elmi-tədqiqat işinin aparılması üçün vacib məkandır.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar