“Tatarıstan” İctimai Birliyinin 10 illik yubileyi qeyd edilib

Bakı, 26 dekabr, AZƏRTAC

Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı daimi nümayəndəliyində "Tatarıstan” İctimai Birliyinin yaradılmasının 10 illiyinə həsr edilmiş təntənəli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, daimi nümayəndənin müavini İsmayıl Akmeyev təbrik nitqi ilə çıxış edib. O, təşkilatın səmərəli işini vurğulayaraq, "Tatarıstan” İctimai Birliyinin sədri Abas Minyaşevə təşəkkür məktubu təqdim edib.

A.Minyaşev birliyin 10 illik fəaliyyətinə yekun vuraraq səmərəli işə və müxtəlif tədbirlərin keçirilməsinə göstərilən köməyə görə təşkilatın kollektivinə təşəkkürünü bildirib, onlara yeni uğurlar arzulayıb.

Azərbaycandakı tatar diasporunun ruhani lideri, "Tatarıstan” İctimai Birliyi sədrinin birinci müavini Hacı Fərhad Qafurov qeyd edib ki, bu təşkilat xeyriyyə tədbirlərinin keçirilməsinə, uşaq evlərinə və sığınacaqlara baş çəkilməsinə xüsusi diqqət yetirir, keçmiş cəbhəçiləri, arxa cəbhə əməkçilərini, yaşlıları da unutmur.

"Tatarıstan” İctimai Birliyinin dini sektorunun rəhbəri, Əjdərbəy məscidinin imamı Rəşid Cabbarov tatar xalqının mədəni irsini və mənəvi ənənələrini qoruyub saxlamağın və onların gənc nəslə ötürülməsinin vacibliyini qeyd edib.

Tədbirin kuratoru "Tatarıstan” İctimai Birliyinin sədr müavini Emin Ramazanovdur.

Diasporla İş üzrə Dövlət Komitəsinin ekspert-analitiki Teymur Atayev tədbirdə çıxış edib. O deyib: "Sevindirici haldır ki, tatarlar onlara xas olan bənzərsiz cəhətləri, bu xalqın mədəniyyətini və dilini unutmurlar. Milli mahnıların və tatar musiqisinin ifası zamanı bu fakt aşkar göründü. Bununla bərabər, bu tədbirdə bütün Azərbaycana xas olan multikulturalizm təzahürlərini gördük. Gənc tatarlar, azərbaycanlılar, ləzgilər, ruslar Qabdulla Tukayın və Musa Cəlilin şeirlərini əzbərdən söylədilər, bu əsərlər əsasında hazırlanmış səhnəciklər göstərdilər. Belə görüşlər həmişə yaxın və doğma olan tatar və Azərbaycan xalqlarının qarşılıqlı zənginləşməsinə şərait yaradır”.

Təntənəli tədbirdə təşkilatın fəal üzvlərinə təşəkkür məktubları və hədiyyələr təqdim edildi. Sonra ənənəvi tatar mətbəxinin nemətləri ilə tərtib olunmuş çay süfrəsi açıldı, mədəni proqram davam etdi.

Təntənəli tədbirdə "Günay” uşaq teatrının gənc artistləri Riyad Hüseynov, Milana Məmmədli, Leyla Mürşüdova, Olesya Aksyonova, Mişel Maqomedova, Zərifə Cəfərova və Artyom Baxoldin Qabdulla Tukayın və Musa Cəlilin şeirlərini oxuyub, rəqs nömrələri ifa ediblər.

Bakı Musiqi Akademiyasının məzunu Ramil Hüseynli Müslüm Maqomayevin repertuarında bir neçə mahnı ifa edib. İsmayıl Safin və Ravil Abjalilovun qarmonda müşayiəti ilə "Ak kalfak” ansamblının ifasında tatar mahnıları səslənib.

"Tatarıstan” İctimai Birliyi Azərbaycanda tatar diasporunun mədəni ənənələrinin qorunub saxlanması, tatar gənclərinin maarifləndirilməsi üzrə böyük iş aparır – tatar dili kursları təşkil edilir, tatar mədəniyyətinin Qabdulla Tukay, Musa Cəlil və digər görkəmli xadimlərinin xatirə günləri qeyd olunur. Tanınmış memar Marat Narbekov təbriklərə qoşularaq deyib: "Tatarıstan” İctimai Birliyinin xeyriyyəçilik fəaliyyətini, Böyük Vətən müharibəsi veteranlarına və valideyn qayğısından məhrum olmuş uşaqlara köməyi xüsusi qeyd etmək istərdim. Bu təşkilatın daha da çiçəklənməsini və tatar xalqının rifahı naminə səmərəli fəaliyyətini arzu edirəm”.

Azərbaycanda "Tatarıstan” İctimai Birliyi 2009-cu ildə tatar xalqının mədəniyyətini, dilini və ənənələrini qoruyub saxlamaq, Azərbaycandakı tatar diasporunun gələcəyinə laqeyd olmayan insanları ictimai fəaliyyətə cəlb etmək məqsədilə yaradılıb. Bu təşkilat müxtəlif layihələr həyata keçirir, konfranslar, xeyriyyə marafonları, tatar xalqının tanınmış xadimlərinə, əlamətdar tarixi günlərə, ənənəvi və dini bayramlara həsr edilmiş mədəni tədbirlər təşkil edir.

Təşkilatın üzvləri lokal və beynəlxalq tədbirlərdə - Tatarıstan Respublikası həmvətənləri forumu, "Kazan Youth Camp” innovasiya düşərgəsi, "KazanSummit” beynəlxalq iqtisadi sammiti, Ümumdünya Tatar Konqresi, Ümumdünya Tatar Gəncləri Forumu, Rusiya Radio Akademiyası Konfransı, Soçidə Ümumdünya gənclər və tələbələr festivalı, "Rus reportyorları” məktəbi, "Open Innovations Startup Tour” və bir sıra başqa tədbirlərdə fəal iştirak ediblər.

"Tatarıstan” İctimai Birliyinin fəaliyyəti yerli, Rusiya və xarici KİV-lərdə, həmçinin populyar sosial şəbəkələrdə geniş işıqlandırılır.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar