London konfransı: Azərbaycan Prezidentinin sülh və barış çağırışları

London konfransı: Azərbaycan Prezidentinin sülh və barış çağırışları

 

 

Böyük Britaniyanın paytaxtında keçirilən "Suriyaya və regiona dəstək" adlı konfransa beynəlxalq miqyasda böyük əhəmiyyət verilirdi. Uzun illərdir ki, ixtilaf içində çapalayan Suriyada sülhün bərpası ilə bağlı çoxlu sayda ölkə təmsilçiləri müzakirələr aparmalı idilər. Tədbirin təşkilatçıları kifayət qədər mötəbər dairələr idilər. Konfransa rəsmi dəvət almış Prezident İlham Əliyev çox maraqlı və məzmunlu nitq söyləyib. Ölkə başçısı həm Suriyaya yardım məsələsində, həm də Azərbaycanın təcrübəsindən yararlanmaq istiqamətində olduqca dəyərli fikirlər ifadə edib. Dövlət başçısı çıxışında Azərbaycanın, aldığı bütün zərbələrə rəğmən, sülhə və barışa sadiq qaldığını gözəl nümayiş etdirib. Bununla Prezident gələcəyə hesablanmış strateji təfəkkür sahibi və bu istiqamətdə konkret siyasi kurs yeridən siyasətçi qətiyyətini bir daha sübuta yetirib. Bu bağlılıqda ölkə rəhbərinin tədbirdə səsləndirdiyi fikirlərin bir sıra məqamları üzərində dayanmağa ciddi ehtiyac görürük.

Suriyaya dəstək: dünya ölkələri çıxış yolları axtarışında


Suriyada sülhün bərpası üçün beynəlxalq ictimaiyyət fəaliyyətini gücləndirməyə çalışır. Keçən ayın sonlarından başlayaraq bu məsələ ilə bağlı rəsmi Dəməşqlə müxalifətin müzakirələri təşkil edilir. Bu təşəbbüsü əsas olaraq BMT, ABŞ, Avropa İttifaqı və Rusiya irəli sürüb. Lakin prosesdə Yaxın Şərqin əksər dövlətləri, İran, Çin və digər ölkələr də iştirak edirlər.

Bir sözlə, neçə illərdir ki, davam edən və bütün regionda vəziyyəti gərginlikdə saxlayan münaqişənin həlli üçün çoxlu sayda dövlət bir araya gəlməyə cəhd edir. Bu kontekstdə Londonda "Suriyaya və regiona dəstək" konfransının keçirilməsi ekspertlərin və KİV-in marağına səbəb olub. Tədbirə Azərbaycan Prezidenti İlham Əliyev də dəvət edilmişdi.

Əvvəlcə, qeyd edək ki, konfrans Böyük Britaniya, Almaniya, Küveyt, Norveç və Birləşmiş Millətlər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilib. Azərbaycan Prezidentini tədbirə BMT-nin baş katibi Pan Gi Mun, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron, Almaniya Federativ Respublikasının Kansleri Angela Merkel, Norveç Krallığının Baş naziri Erna Solberq və Küveyt Dövlətinin əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabah dəvət etmişdi. Kifayət qədər yüksək səviyyəli bir dəvət idi. Bu, onu göstərir ki, tədbir iştirakçıları Azərbaycan dövləti və onun rəhbərliyinin beynəlxalq münaqişələrin həllində aktiv iştirakına böyük önəm verirlər.

Konfransda Suriyada yaranmış ağır vəziyyətdən çıxış yollarının müəyyənləşdirilməsi bağlılığında kompleks xarakterli yardım planları ətrafında fikir mübadiləsi aparılıb. Buraya Suriyaya təcili və uzunmüddətli yardımın təmin edilməsi, regionda humanitar və təhsil layihələrinin reallaşdırılması, böhrandan əziyyət çəkən qaçqınların sosial problemlərinin həll olunması, onları qəbul edən ölkələrə dəstək göstərilməsi kimi məsələlər daxil idi.

Göründüyü kimi, tədbirin təşkilatçıları həm Suriyanı əhatə edən sosial-mədəni və humanitar xarakterli problemlərin, həm də bütövlükdə region ölkələrinə bu münaqişənin mənfi təsirlərini aradan qaldırmağın yollarını axtarmağı nəzərdə tutublar.

Etiraf edək ki, özlüyündə bu, çox çətin bir vəzifədir. Çünki bir tərəfdən Suriyanın daxilində kifayət qədər dərin böhran mövcuddur, digər tərəfdən isə böyük dövlətlər öz maraqları naminə əlavə problemlər yaradırlar. Dinc əhali arasında itkilər çoxdur, bombalanan yerlərdən evlərini tərk edib, köməksiz qalanların sayı həddən artıqdır. Münaqişəni həll etmək üçün üç rəsmi koalisiya yaradılıb.

Bunlar ABŞ-ın başçılıq etdiyi ölkələr qrupu, Rusiyanın rəhbərliyi altında fəaliyyət göstərən bir neçə dövlətin koalisiyası və Səudiyyə Ərəbistanının yaratdığı, müsəlman ölkələrini birləşdirən qrupdur. Onların hər birinin öz maraqları olduğundan ortaq hərəkət etmək mümkün deyil.

Ən pisi odur ki, hər bir koalisiya lazım bildiyi yerlərə hərbi zərbələr endirir. Bütün hallarda beynəlxalq ictimaiyyəti məhz yurd-yuvasından didərgin düşənlərin taleyi və Suriyanın dağıdılan infrastrukturunun bərpası qayğılandırır.

Bunlar sözün tam mənasında London konfransının nə qədər aktual və təxirəsalınmaz bir addım olduğunu təsdiq edir. Azərbaycan dövlət başçısının həmin tədbirin "Təhsil" mövzusundakı sessiyasında çıxışı da bu kontekstdə çox maraq doğurub. Prezident İlham Əliyev olduqca aktual məsələlərə toxunub və rəhbərlik etdiyi ölkənin təcrübəsi barədə ətraflı danışıb. Dövlət başçısı konkret faktları rəhbər tutaraq səmərəli təkliflər irəli sürüb. Onun nitqi çox böyük təsir bağışlayıb.

Çünki bir vaxtlar Azərbaycanın da oxşar problemlərlə qarşılaşdığı vurğulanıb və real vəziyyəti əks etdirən konkret fikirlər irəli sürülüb (bax: Azərbaycan Prezidenti İlham Əliyev Londonda "Suriyaya və regiona dəstək" konfransında iştirak edib.

 

Prezidentin nitqi: həqiqət anı

 

Ölkə rəhbəri çıxışına o qanlı-qadalı illəri insanı duyğulandıran cümlələrlə başlayıb. Prezident İlham Əliyev deyib: "Biz Suriya qaçqınlarının halına çox acıyırıq. Müstəqillik illərində – 1990-cı illərin əvvəlində qonşu Ermənistan Azərbaycana qarşı təcavüz edəndə Azərbaycan özü humanitar fəlakət və böhrandan əziyyət çəkib. Bu təcavüz nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olundu. Biz etnik təmizləməyə məruz qaldıq. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü" (bax: əvvəlki mənbəyə).

Buna görə Suriya xalqını ən yaxşı başa düşənlər sırasında Azərbaycan xalqı da var. Təbii ki, bu səbəbdən də Azərbaycan dövləti səmimiyyətlə yardım əlini uzadır. İlham Əliyev söylədiyi fikirlər və apardığı müqayisələrlə bu məqamı dolğun şəkildə tədbir iştirakçılarına çatdırıb. Prezident adambaşına düşən qaçqın sayı üzrə həmin dövrdə ən yüksək göstəricisi olan bir ölkəyə etdikləri yardıma görə beynəlxalq humanitar təşkilatlara və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına minnətdarlığını ayrıca vurğulayıb.

Bu fikirlərin hər birinin xüsusi mənası var. Hər şeydən əvvəl mötəbər bir tədbirdə dövlət başçısı Ermənistanın təcavüzü nəticəsində Azərbaycanda yaranmış ağır vəziyyəti bir daha diqqətə çatdırıb. İndi insanlar Suriyada yaşananları görüb hiss etdiklərindən Azərbaycanı daha yaxşı başa düşməlidirlər. Bununla bərabər, Azərbaycan xalqı, dövləti və onun rəhbərliyi qədirbiləndir. Ona çətin anlarda kömək əli uzadanları unutmur. Onun siyasi mənası Azərbaycanın etibarlı bir tərəfdaş olmasının təsdiqindən ibarətdir.

Şükürlər ki, "bu gün Azərbaycan özü donor ölkədir" (bax: əvvəlki mənbəyə). Ehtiyacı olanlara maliyyə yardımları göstərə bilir. Dünyanın müxtəlif qaynar nöqtələrində humanitar tədbirlərdə iştirak edir, antiterror əməliyyatlarından kənarda qalmır. Cənubi Qafqazın digər ölkələri Azərbaycan qədər genişmiqyaslı hərəkət edə bilmir.

Nəzərə alaq ki, keçən əsrin 90-cı illərində təcavüzə məruz qalmış bir ölkə bu taleni yaşamamış qonşularından daha sürətlə inkişaf edib. Hazırda dünyanı maliyyə böhranı bürüyüb, milli valyutalar dəyərdən düşür, lakin Azərbaycan yenə də humanitar sahədə üzərinə düşənləri yerinə yetirir, beynəlxalq layihələrini davam etdirir, müxtəlif səviyyəli tədbirlərdə aktiv iştirakından qalmır.

Bunun əsas səbəbi Azərbaycanda müstəqil dövlət quruculuğu kursunun tam səmərəliliyidir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan həmin prosesi Prezident İlham Əliyev uğurla inkişaf etdirir. Dövlət başçısının Londondakı çıxışının məzmununda həmin məqam öz əksini tapıb. Prezident bu kontekstdə təklifi qürur yaradır: "Humanitar böhranın idarə olunması üzrə təcrübəmizi də paylaşa bilərik və biz bunu edəcəyik" (bax: əvvəlki mənbəyə).

Bu fikirdən sonra Prezident İlham Əliyevin peşəkar siyasətçi məharəti ilə mühüm bir məqamı önə çəkməsini mütləq vurğulamaq lazımdır. Prezident "...lakin ən önəmlisi sülhdür" deyərək təcavüzdən ən çox əziyyət çəkən bir ölkənin başçısı olaraq siyasi reallığı ortaya qoyub. Azərbaycana vurulan ağır zərbələrə baxmayaraq, sülhə, barışa, danışıqlar yolu ilə problemləri həll etməyə can atdığını çox lakonik ifadə edib. Bu, Ermənistanın yalanlarını, diplomatik maskasını, Azərbaycan haqqında yaydığı böhtan xarakterli məlumatları alt-üst edir.

Ermənistan rəhbərliyi öz ağalarının kölgəsində fasiləsiz yalanlar uydurmaqla məşğuldurlarsa, Azərbaycanın dövlət başçısı Londondakı yüksək tribunadan söyləyir: "...Suriya böhranı üzrə siyasi həllin mümkün qədər tez tapılması bizim gündəliyimizdə duran bir nömrəli məsələdir... Bu gün Azərbaycan əsaslı maliyyə və iqtisadi potensialı olan bir ölkə kimi buna sülh deyil, yalnız atəşkəs şəraitində nail ola bilmişdir" (bax: əvvəlki mənbəyə). Bu, həqiqət anıdır!

Çünki özünün hələlik sülhə nail olmaq istiqamətində probleminin mövcud olmasına baxmayaraq, bir müsəlman ölkəsi Suriyada siyasi həllin vacibliyini xüsusi vurğulayır. Yəni, Azərbaycan rəhbərliyi kin-küdurət, xəbislik, ədalətsizlik, təcavüzkarlıq və aqressiyanı təşviq edən siyasi düşərgədə deyil, barış və sülhü, ədalətliliyi, dinc həll yollarını üstün tutan siyasi peşəkarlar sırasındadır! Sözün əsl mənasında Azərbaycan vətəndaşı üçün şərəfli mövqedir, fəxarət mənbəyidir!

Prezident İlham Əliyev çıxışının sonunda Azərbaycanın bu yolda dönmədən irəliləyəcəyini də bildirib. Prezident qeyd edib ki, "...biz buraya sülhü və bu cür dəyərləri təşviq etmək üçün gəlmişik" (bax: əvvəlki mənbəyə). Və bu, Azərbaycan üçün müvəqqəti hal deyil – onun dövlət kimi mahiyyətinin mühüm tərkib hissəsidir. Məhz həmin kontekstdə dövlət başçısının yekun fikrini "Azərbaycan öz vacib rolunu oynamağa davam edəcəkdir" kimi ifadə etməsinin həm siyasi-nəzəri, həm də konkret praktiki mənasını anlamaq çox zəruridir!

"AZƏRBAYCANIM”

BEYNƏLXALQ JURNALI

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar