Azərbaycan rəqsləri Tokioda növbəti dəfə maraqla qarşılanıb

Tokio, 17 dekabr, AZƏRTAC

Tokioda "Sizin maraq dünyanız” təşkilatı tərəfindən təşkil edilən növbəti tədbirdə həmyerlimiz Dilarə Qazıyevanın ifa etdiyi Azərbaycan milli rəqsləri böyük maraq və alqışlarla qarşılanıb.

AZƏRTAC xəbər verir ki, keçmiş sovet dövrünün hərb tarixi üzrə mütəxəssisi olan Coiçiro Şinoharanın rəhbərlik etdiyi təşkilat tərəfindən Tokioda keçirilən bu tədbir zamanı keçmiş SSRİ tərkibində olmuş respublikaların mədəniyyət nümunələri, milli geyimlər, musiqi və rəqslər, II Dünya müharibəsi ilə əlaqədar hərbi əşyalar, müxtəlif suvenirlər, ərzaq məhsulları və içkilər yapon həvəskarlara təqdim olunub. Tədbir iştirakçıları təklif edilən müxtəlif dövlətlərin hərbi geyimlərini, o cümlədən sovet, alman, yapon, Polşa və digər orduların mundirlərini geyərək birlikdə əylənib, istirahət ediblər.

Tədbir çərçivəsində təşkil edilən "Baraxolka”da isə iştirakçılara SSRİ tərkibində olmuş müxtəlif xalqların ərzaq nümunələri və içkilər, çoxsaylı suvenirlər təklif edilib.

Tədbirin mədəni hissəsində C.Şinoharanın da daxil olduğu "Polyanoçka” və "Qarmoşka” ansambllarının ifasında II Dünya müharibəsinə həsr olunan sovet mahnıları, rəqslər təqdim edilib.

Yaponiyada yaşayan həmyerlimiz Dilarə Qazıyevanın ifa etdiyi Azərbaycan milli rəqsləri isə iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. D.Qazıyeva ifa edəcəyi hər bir rəqs barədə məlumat verərək onun daşıdığı mənanı tamaşaçılara çatdırmağa çalışıb. Xüsusi məharətlə ifa etdiyi "Nəlbəki”, "Naxçıvani” və "Uzundərə” rəqsləri tamaşaçıları heyran edərək onların alqışlarına səbəb olub.

Tədbirin iştirakçısı olan Taku Tonooka AZƏRTAC-ın Yaponiyadakı müxbirinə bildirib ki, Dilarə Qazıyevanın ifa etdiyi Azərbaycan rəqslərini böyük maraqla izlədim. Çox xoşuma gəldi. Bu rəqslər həm musiqisi, həm ifaçının milli geyimi, həm də rəqsin gözəlliyi ilə adamı valeh edir. Sanki bir nağıllar aləminə düşürsən.

Azərbaycan rəqslərinin çox ekzotik və gözəl olduğunu vurğulayan Yasuaki Takanaşi qeyd edib ki, insan bu rəqslərdən böyük zövq alır. Dilarə xanım isə bu rəqsləri çox gözəl və məharətlə ifa edir.

Yagi Ken isə deyib ki, Tokioda Azərbaycan rəqslərini izləmək çox nadir bir sevincdir: "Düşünürəm ki, belə rəqslər Yaponiya ilə Azərbaycanı bir-birinə daha da yaxınlaşdırır, dostluğumuzu möhkəmləndirir. Çox gözəl idi və çox bəyəndim”.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar