“Azərbaycan multikulturalizm və tolerantlıq modelinin dünyada aparıcı ixracatçısına çevrilməkdədir”

“Azərbaycan multikulturalizm və tolerantlıq modelinin dünyada aparıcı ixracatçısına çevrilməkdədir”–Emil müəllim, öncə "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru və təsisçisi kimi fəaliyyətiniz barədə qısa məlumat verərdiniz.
–"Azərbaycanım” beynəlxalq jurnalı 2007-ci ildən fəaliyyətə başlamış və bu müddət ərzində böyük oxucu auditoriyası qazanmışdır. Jurnalın uğurlarında əsas rolu, əlbəttə ki, mövzuların aktuallığı, özünəməxsus tərzi, müasir dizayn və materialların təqdimatı oynayır. Ölkəmiz haqqında obyektiv informasiyaları xaricdə təqdim edən "Azərbaycanım” beynəlxalq jurnalı respublikamız, məşhur həmyerlilərimiz, Azərbaycan diasporunun görkəmli nümayəndələri, respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı, həmçinin tanınmış şəxsiyyətlər, ölkəmizi sevən bütün ziyalılar, iş adamları, siyasətçilər və digər sahədə çalışan insanlar haqqında məlumatlar verir. Son illərdə "Azərbaycanım” beynəlxalq jurnalı öz fakturasını, təhkiyə strategiyasını, tərtibatını dəyişib, jurnal nömrələrinin səhifə sayı artıb. Biz gələcəkdə də jurnalın diaspor təşkilatları və beynəlxalq qurumlarla əməkdaşlığının davam etməsinə səy göstərəcəyik.
–Məlum olduğu kimi, jurnalınız diaspor təşkilatları ilə sıx əməkdaşlıq edir. Son illər Azərbaycan dövlətinin diaspor quruculuğu sahəsində apardığı ardıcıl və məqəsədyönlü siyasətə münasibətiniz necədir?
–Müstəqil Azərbaycanı gələcəyə aparan strateji istiqamətləri müəyyənləşdirən ulu öndər Heydər Əliyevin Azərbaycançılıq ideyasını dönmədən həyata keçirməsi nəticəsində respublikamız bir dövlət kimi zamanın sərt və ağır sınaqlarından çıxmış, çiçəklənən, müasir Azərbaycan bütün dünya azərbaycanlılarının inam, ümid və pənah yerinə çevrilmişdir. Ümummilli liderimiz dünyanın müxtəlif guşələrinə səpələnmiş soydaşlarımızı Azərbaycançılıq məfkurəsi ətrafında bir yerə topladı, bir bayraq, bir amal uğrunda birləşdirdi. Bu gün Heydər Əliyev siyasi kursunu onun layiqli varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla davam etdirir. Ölkəmizdə diaspor quruculuğu artıq dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Azərbaycan Prezidentinin sərəncamları ilə Bakı şəhərində dünya azərbaycanlılarının II, III və bu il IV qurultayları keçirilmişdir. Dövlətimizin başçısı dünya azərbaycanlılarının təşkilatlanması, diaspor quruculuğu kimi mühüm məsələləri daim diqqət mərkəzində saxlayır. Bu gün azərbaycanlılar dünyanın müxtəlif ölkələrində məskunlaşıblar. Hər bir ölkənin də özünün daxili ictimai, siyasi  mühiti var.  Bu səbəbdən, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın problemləri də müxtəlifdir. Azərbaycan diasporunun qarşısında duran əsas vəzifələrdən biri Dağlıq Qarabağ probleminin həlli üçün dünya ictimaiyyətini, beynəlхalq təşkilatları, Azərbaycanla maraqlanan qurumları daha çoх məlumatlandırmaqdır.
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ölkəmizin beynəlxalq imicinin formalaşması və diasporumuzun hərtərəfli  inkişafında  Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən tədbir və layihələrin də əhəmiyyəti böyükdür. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünyanın əksər ölkələrində həyata keçirilən "Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımının acı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər təqdirəlayiqdir. Biz də bir media vasitəsi olaraq bu kampaniyanın iştirakçısı kimi "Azərbaycanım” beynəlxalq jurnalının səhifələrində bu mövzu ilə bağlı zəruri materialları daim işıqlandırırıq. Onu da əlavə etmək istəyirəm ki, əvvəllər elə dövlətlər vardı ki, orada diaspor təşkilatlarımız fəaliyyət göstərmirdi. Ancaq hazırda nəinki dünyanın hər bir ölkəsində, eləcə də ayrı-ayrı şəhərlərdə, vilayətlərdə Azərbaycanın diaspor təşkilatları, cəmiyyətləri yaranıb, Azərbaycan əleyhinə olan qüvvələrə qarşı mübarizə aparılır. "Azərbaycanım” beynəlxalq jurnalı vasitəsilə ölkəmizin milli mənafe və maraqlarının beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv və dolğun şəkildə çatdırılması, xaricdə yaşayan soydaşlarımızın birliyinin möhkəmləndirilməsi və dünya azərbaycanlılarını bir-birinə daha yaxından tanıtdırılması istiqamətində çoxşaxəli işlər görürük.
–Müntəzəm olaraq televiziya məkanından və mətbuat səhifələrindən "Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi mükafatların tanınmış insanlara, görkəmli şəxslərə, Azərbaycanın dostlarına təqdim olunmasının şahidi oluruq. Bu barədə fikirlərinizi bölüşərdiniz.
–Məlumat üçün bildirirəm ki, "Azərbaycanım” beynəlxalq jurnalının redaksiya şurasının qərarı ilə "Azərbaycanın qüruru” və "Azərbaycanın dostu” qızıl ordenləri təsis edilmişdir. Ötən müddətdə ictimai xadim, Azərbaycan Kitab Cəmiyyətinin sədri, Miniatür Kitab Muzeyinin təsisçisi və direktoru Zərifə xanım Salahovaya, Azərbaycan xarici işlər nazirinin müavini, "ADA” Universitetinin rektoru Hafiz Paşayevə, Bakı şəhərinin meri Hacıbala Abutalıbova, Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli Səfiri Polad Bülbüloğluna, Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti Məmməd Əliyevə, Rusiyada fəaliyyət göstərən diasporumuzun nümayəndələri olan iş adamları – "Kiyev Meydanı” şirkətinin Direktorlar Şurasının sədri, Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Qod Nisanova, Ümumrusiyа Аzərbаycаnlıları Kоnqrеsinin vitse-prezidenti, konqresin Ural Federal Dairəsi üzrə regional bölməsinin sədri Şahin Şıxlinskiyə və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevə "Azərbaycanın qüruru” ordeni təqdim olunmuşdur. Həmçinin jurnalın redaksiya şurasının qərarı ilə Qırğızıstan Respublikasının Prezidenti Almazbek Atambayev iki ölkə arasında əlaqələrin qurulmasında, inkişafında və möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə "Azərbaycanın dostu” qızıl ordeni ilə təltif edilmişdir. Onu da qeyd edim ki, "Azərbaycanım” beynəlxalq jurnalının redaksiya şurası bu yaxınlarda yekdilliklə Moldova İctimai Palatasının prezidenti Aureliya xanım Qriqoriunu dünya ictimaiyyəti qarşısında Azərbaycanın ərazi bütövlüyünü təkidlə dəstəkləyərək və birbaşa Ermənistan parlamentində çıxışı zamanı ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri bütün dünyaya bəyan etdiyinə görə  "Azərbaycanın dostu” qızıl ordeni ilə təltif etmək barədə qərar qəbul etmişdir. Güman edirəm ki, yaxın gələcəkdə həmin ordeni Aureliya xanım Qriqoriuya təqdim edəcəyik.
–Fürsətdən istifadə edərək sizi "Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının "İlin jurnalisti-2016” müsabiqəsinin qalibi olaraq yüksək mükafata layiq görülməyiniz münasibətilə təbrik edirik. Bununla bağlı təəssüratlarınızı bölüşməyiniz maraqlı olardı.
–İlk öncə bildirmək istəyirəm ki, Azərbaycan diasporu bu gün özünün inkişaf mərhələsini yaşayır. Artıq elə diaspor təşkilatlarımız formalaşıb ki, onların fəaliyyəti nəticəsində ölkəmizin imici yüksəlib.  Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı da belə təşkilatlarımızdandır. Alyansın rəhbəri Elmar Məmmədovun səmərəli fəaliyyəti nəticəsində Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı ölkələrimiz arasında iqtisadi, siyasi, elmi, mədəni, idman və turizm əlaqələrinin inkişafına dəstək verilməsi istiqamətində uğurlu addımlar atıb. Təşkilat Ukraynada yaşayan soydaşlarımıza hüquqi yardım göstərməklə yanaşı, xalqımızın qədim adət-ənənələrini, zəngin mədəniyyətini özündə əks etdirən silsilə tədbirlər həyata keçirməklə nüfuz qazanıb. Digər tərəfdən, onu da qeyd edim ki, fəaliyyət göstərdiyi 10 il ərzində "Azərbaycanım” beynəlxalq jurnalı geniş oxucu kütləsinin rəğbətini qazanan nüfuzlu nəşrə çevrilməyi bacarıb. Jurnalımızda yalnız xəbərlər dərc edilmir, həm də Azərbaycan diasporunun fəaliyyəti və nailiyyətləri işıqlandırır. "İlin jurnalisti–2016” müsabiqəsi parlaq yaradıcılıq işlərini, KİV redaksiyaları tərəfindən təşkil edilən ictimai aksiyaları və sosial əhəmiyyətli layihələri müəyyən etmək, KİV işçilərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədilə keçirilir və qaliblər barədə qərar ictimai rəy sorğusu və ekspert sorğusunun nəticələri nəzərə alınmaqla müsabiqə komissiyası üzvlərinin səs çoxluğu ilə qəbul edilir. Bir müddət keçəndən sonra "Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov mənim "İlin jurnalisti–2016” müsabiqəsinin qalibi seçilməyimi elan etdi. Açığı, bu mənim üçün gözlənilməz oldu. Mən bunu "Azərbaycanım” beynəlxalq jurnalının kollektivinin uğuru kimi dəyərləndirirəm və hesab edirəm ki, fəaliyyətimizin on ili ərzində biz KİV olaraq qarşımıza qoyduğumuz məqsədlərə nail oluruq, MDB məkanında yaşayan soydaşlarımız, orada fəaliyyət göstərən diaspor təşkilatlarımız və həmin təşkilatlarımızla əlaqələri olan beynəlxalq qurumların nümayəndələri tərəfindən oxunuruq və izlənilirik. Məhz bu tendensiya da "Azərbaycanım” beynəlxalq jurnalının əsas məqsədi və amalıdır.
–Bildiyimiz kimi, 2016-cı il Azərbaycan Respublikasında "Multikulturalizm ili” elan edilmişdir. Sizcə, bu il ərzində multikulturalizm, tolerantlıq ənənələri Azərbaycan mediasında necə əksini tapıb və ölkəmizdə bu dəyərlər necə qorunur?
–Əvvəla, onu qeyd etmək lazımdır ki, tarixən Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkə olduğuna görə həyatımızda multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində 2016-cı ilin ölkədə "Multikulturalizm ili" elan olunması haqqında imzaladığı sərəncam hazırkı mərhələdə bəşəriyyətin ən çox ehtiyac duyduğu humanizmin, tolerantlığın, mənəvi dəyərlərin bir daha yada salınması, dünyaya xatırladılması baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu işdə, əlbəttə ki, medianın rolu çox böyükdür. Çunki media bu dəyərləri formalaşdıran vasitələrdən biridir. İkincisi, Azərbaycanda multikulturalizmin inkişaf etməsi, onun cəmiyyət tərəfindən dəstəklənməsi kimi incə məsələlər bizim müxtəlif sahələr üzrə inkişafımızı istəməyən qüvvələrin qısqanclığına səbəb olur. Hazırda dünyada yaranan xaosun əsas motivi də məhz həmin qüvvələr tərəfindən məzhəb fərqliliyi üzərində böyük terror poliqonu yaradılması yolu ilə dünyanı idarə etmək niyyətindən bəhrələnir. Bu gün bəzi Avropa dövlətlərinin başında duran qruplaşmaların yaratdığı islamofob mənəvi mühit öz siyasi fəaliyyətləri ilə yenidən Avropada fərqliliklərə dözümsüzlük nümayiş etdirir, qarşılarındakı digər sivilizasiyaları hədəf götürürlər. Bu da acı nəticələrə gətirib çıxarır. Gəlin, bir nüansa nəzər yetirək: XX əsrin 90-cı illərində Ermənistanın təcavüzü nəticəsində 1 milyon qaçqın və məcburi köçkün problemi ilə üzləşən 8 milyonluq əhalisi olan Azərbaycan (təxminən əhalinin 13 faizini təşkil edir) belə bir ağır müharibə vəziyyətində olarkən həm də qonşu və digər yaxın ölkələrdə gedən hərbi münaqişələrdə zərər çəkmiş on minlərlə qaçqına da qapılarını açdı və sığınacaq verdi. Amma bu gün görürük ki, 500 milyonluq əhalisi olan Avropa İttifaqının bəzi dövlətləri multikulturalizm və tolerantlıq dəyərlərindən ağız dolusu ilə danışmaqlarına baxmayaraq, ona üz tutmuş 1,5 milyon qaçqına (təxminən əhalinin 0,3 faizi edir) sığınacaq verməkdən imtina etdi və sərhədlərini köməyə ehtiyacı olan insanların üzünə bağladı. Halbuki İkinci Dünya müharibəsində həmin Avropa ölkələrindən milyonlarla qaçqın Şərqə üz tutmuş və onlardan fərqli olaraq Şərq ölkələri həmin insanlara belə ağır vəziyyətdə sığınacaq vermişdi. Bu bir daha sübut edir ki, bəzi Qərb ölkələrinin davam etdirdikləri islamafob siyasəti yanlış siyasətdir.
Belə bir şəraitdə Azərbaycanın nümayiş etdirdiyi multikulturalizm və tolerantlıq nümunəsi ölkəmizin müsbət imicini formalaşdırır, beynəlxalq nüfuzumuzu daha da artırır. Azərbaycanda yaşayan etnik qruplar, müxtəlif dini məzhəblərin nümayəndələri, azsaylı xalqlar sülh və əmin-amanlıq, dostluq və qardaşlıq şəraitində fəaliyyət göstərmiş, göstərir və bundan sonra da göstərəcəkdir. Bu da onu deməyə əsas verir ki, ölkəmiz dünyada təkcə "qara qızıl” ixracatçısı deyil, həm də Azərbaycan multikulturalizm və tolerantlıq modelinin dünyada aparıcı ixracatçısına çevrilməkdədir. Hesab edirəm ki, Azərbaycan mediası multikultural dəyərlərin təbliği, multikulturalizmin Azərbaycanın özünəməxsus cəmiyyət quruluşu modeli kimi təqdim olunması istiqamətində siyasi aspektləri çox gözəl işıqlandırır. Biz də "Azərbaycanım” beynəlxalq jurnalı olaraq gündəlik fəaliyyətimizdə bu kimi məsələlərə daha həssasla yanaşmağa çalışırıq. Yeri gəlmişkən, fürsətdən istifadə edib Azərbaycan xalqını, eləcə də xaricdə yaşayan bütün soydaşlarımızı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm, dünyamıza sülh və səadət arzulayıram.
Müsahibəni apardı: 
Mirbağır YAQUBZADƏ,
"Xalq qəzeti”
Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar