Moskvada “Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” adlı sərgi açılıb

 

Moskvadakı Rusiya Dövlət Şərq Muzeyində "Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, Rusiya Dövlət Şərq Muzeyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, Azərbaycan və Rusiya Mədəniyyət nazirlikləri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə açılmış "Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” adlı sərgidə 40-dan çox eksponat nümayiş olunur.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, Azərbaycan xalçasının UNESKO-nun Mədəni İrs Siyahısına daxil edilməsinin 10 illiyinə həsr edilmiş sərgidə ötən əsrin 20-70-ci illərində "Azərxalça” İstehsalat Birliyində hazırlanmış, maraqlı süjet kompozisiyalarından ibarət xalçalar təqdim olunur. Ş.Məlikova deyib: "Azərbaycan xalçası xalqımızın tarixinin bütün dövrlərini əks etdirən rəmzdir. Sovet dönəmində bir çox milli sənətlər unudulsa da, Azərbaycanda xalçaçılıq sənəti inkişaf edir, milli xalçalarımız bütün dünyaya ixrac olunurdu. Məşhur rəssamlarımız Lətif Kərimov, Mikayıl Abdullayev, Qəzənfər Xalıqov, İsmayıl Axundov, Kazım Kazımzadə, Salam Salamzadə və başqalarının eskizləri əsasında hazırlanmış xalçalar indi də dünyanın məşhur muzeylərində saxlanılır. Bu ənənə hazırda uğurla davam etdirilir”.

Şərq Muzeyinin direktoru Aleksandr Sedovun sözlərinə görə, ötən əsrdə Azərbaycanda yeni ideologiyanın ənənəvi sənət nümunələri vasitəsilə təbliği Moskva tamaşaçıları üçün də maraqlı olacaq: "Bizim muzeydə də ötən əsr Azərbaycanına aid bir sıra eksponatlar var. Biz onları da sərgidə nümayiş etdiririk. Bu, tikmələr, çini qablar və sairdir. Sərgini gələcəkdə Bakıda və daha sonra digər xarici ölkələrdə nümayiş etdirmək niyyətindəyik”.

Azərbaycanın Rusiyadakı Səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Nigar Axundova sərginin açılışı münasibəti ilə toplaşanları təbrik edərək bildirib ki, bu maraqlı ekspozisiyanın nümayişi Azərbaycan mədəniyyətinin Rusiyada təbliği istiqamətində atılan daha bir uğurlu addımdır. N.Axundova həmçinin vurğulayıb ki, fevralın 4-də ölkəmizin Rusiyadakı səfiri, görkəmli bəstəkar və müğənni Polad Bülbüloğlunun yubileyi qeyd olunur: "Polad müəllim ad gününü doğma Qarabağa, ata yurdu Şuşaya yaxın Beyləqan rayonunda, hərbi hissədə, əsgərlərlə birlikdə qeyd edir. Dünən Azərbaycan Prezidenti İlham Əliyev ona ən yüksək mükafat – "Heydər Əliyev” ordenini təqdim edib. Rusiya Prezidenti Vladimir Putin ona səmimi təbrik məktubu ünvanlayıb”.

Sərgidə 40-dan çox eksponat – xalçalar, plakatlar, əl işləri, kitab qrafikası, teatr afişaları və tikmələr nümayiş etdirilir. Fevralın 4-dən martın 1-dək davam edəcək sərginin açılışı münasibəti ilə ayrıca kataloq da nəşr edilib.

 

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar