Mixail Qorbaçov 20 Yanvar faciəsinə görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir

Zaqatala, 20 Yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Böyük itkilər və günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərlərinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Həmin qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, faciənin səbəbkarlarını lənətləyir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar yanvarın 20-də Zaqatala şəhərində keçirilən ümumrayon anım tədbirində səsləndirilib.

Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə şəhidlərin xatirəsinə ucaldılan abidənin önünə al qərənfillər düzüb, Vətənimizin azadlığı uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın xatirəsini ehtiramla yad ediblər.

Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə 20 Yanvarın xalqımızın milli azadlıq hərəkatının yüksəliş zirvəsi olduğunu bildirib. Vurğulanıb ki, bu qanlı hadisələrdən illər ötsə də, sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi planlı terror aktı bəşər tarixində insanlığa qarşı ən ağır cinayət olaraq qalacaq.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi Emin Bağırov, şəhər 3 saylı tam orta məktəbin direktoru Elmira Hacıyeva və başqaları çıxış edərək, Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvarın xalqımızın qəhrəmanlıq salnaməsi, fəxarət və şərəf günü olduğunu bildiriblər. Qeyd olunub ki, ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, müstəqillik ideyaları uğrunda mücadilə aparan Azərbaycan xalqının inam və iradəsini qırmaq məqsədi ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı ən qanlı cinayətlərdən biri törədilib. Həmin qanlı gecədə dinc əhaliyə misli görünməmiş divan tutulub.

Çıxış edənlər faciənin səbəbkarı, SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçovun beynəlxalq məhkəmə qarşısında cavab verməli olduğunu bildirib, çoxsaylı insan tələfatına səbəb olmuş bu imperiya cəlladının ciddi şəkildə cəzalandırılmasını tələb ediblər.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar