ATƏT/DTİHB Bürosunun üzvləri Azərbaycandakı seçkiqabağı ictimai-siyasi vəziyyət barədə məlumatlandırılıb

Bakı, 20 dekabr, AZƏRTAC

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun üzvləri Radivoje Qrujiç, Aleksey Qromov və Tim Knobjau ilə görüşüb.

AVCİYA-dan AZƏRTAC-a verilən məlumata görə, Seçki Qərargahının rəhbəri Assosiasiyanın 2004-cü ildən bəri Azərbaycanda keçirilən seçkilərin monitorinqi ilə bağlı gördüyü işlər, 2020-ci ilin 9 fevralında Milli Məclisə keçiriləcək seçkilərlə bağlı Assosiasiyanın fəaliyyəti barədə geniş məlumat verib. Bundan başqa, o, Assosiasiyanın regional ofislərinin gördüyü işlər, seçki ilə əlaqədar AVCİYA-nın KİV-lərin fəaliyyəti ilə əlaqədar apardığı monitorinq, nəşr olunan kitab və bülletenlər, regionlarda müşahidəçilər üçün keçirilən treninqlər barədə danışıb. ATƏT/DTİHB-nin nümayəndələri Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar təşkilatın görəcəyi işlər barədə məlumatlandırılıb və onlara Assosiasiyanın bununla bağlı Fəaliyyət Planı təqdim edilib. Görüşdə, həmçinin seçkiqabağı mühit, namizədlərin imzatoplama kampaniyası, hər iki qurumun hazırladığı hesabatlar və s. barədə fikir mübadiləsi aparılıb.

Daha sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun üzvlərinin seçkiqabağı ictimai-siyasi vəziyyət, parlament seçkilərindən gözləntilər, Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı beynəlxalq təşkilatların tövsiyələri barədə sualları cavablandırılıb.

Görüşdə hər iki qurum arasında təcrübə mübadiləsinin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar